“Biznes və tələbə vizalarının təsdiqinin artacağı gözlənilir” - VƏKİL

  • By admin
  • 11 İyun 2020 20:09

Azərbaycanlı vəkil Könül Rəşidova COVID-19-un Kanada immiqrasiya siyasətinə təsirindən danışdı

Koronavirus Kanadada əksər sahələrlə yanaşı, immiqrant qəbuluna da təsirsiz ötüşmədi. Xarici tələbə, işçi vizası, sığınacaq almaq üçün, Ekspres Giriş və s. yolla gələnlərin sayında gözə çarpacaq qədər azalma müşahidə edildi.

Gununsesi.org xəbər verir ki, Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Konan Law hüquq şirkətinin rəhbəri Könül Rəşidova ilə COVID-19 səbəbilə Kanadanın immiqrant siyasətində gözlənilən dəyişikliklər barədə lalemusa.com-a danışıb. Həmçinin Könül Rəşidova immiqrasiya fırıldaqları ilə qarşılaşan həmvətənlərimizə də məsləhətlərini verdi.

Qeyd edək ki, K.Rəşidova Bakı Dövlət Universitetində Beynəlxalq hüquq fakültəsini bakalavr və magistr dərəcələri üzrə bitirib, sonradan ABŞ-ın Havay Universitetində Hüquq üzrə magistr dərəcəsi alıb. Kanadaya köçəndən – 2014-cü ildən etibarən Torontoda immiqrasiya ilə məşğul olan hüquq şirkətində çalışıb və paralel olaraq hüquq təhsilini davam etdirib. Vəkillik lisenziyasını aldıqdan sonra immiqrasiya hüququ üzrə ixtisaslaşan hüquq şirkətini açaraq vəkil kimi fəaliyyətini davam etdirir. Konan Law hüquq şirkəti Kanada immiqrasıyasının bütün sahələri üzrə xidmət göstərir. Buna müvəqqəti yaşayış, daimi yaşayış, vətəndaşlıq, biznes immiqrasiyası və sığınacq istəyənlərlə iş də daxildir. Eyni zamanda notariat xidmətləri də gösətərirlər.

– Kanada hər il minlərələ immiqrant qəbul edir. Ümumilikdə COVID-19 Kanadanın immiqrant siyasətinə necə təsir göstərdi?

– Bütün sahələrdə olduğu kimi, koronavirus pandemiyasının Kanadanın immiqrasiya siyasətinə təsiri çox böyük oldu. Hökumət əsasən müvəqqəti xarakter daşıyan bir çox dəyisikliklər tətbiq etməyə başladı. İlk növbədə ölkəyə giriş-çıxış məhdudiyyətləri qüvvəyə mindi. Hazırda, ölkəyə qayıtmaq istəyən kanadalılar, daimi yaşayış statusu olanlar, onlarin yaxın ailə üzvləri (Kanadaya 15 gündən artiq müddətə gəlirlərsə), 18 mart tarixindən əvvəl vizaları təsdiq olunmuş tələbələr, zəruri xidmətlərin göstərilməsini dəstəkləyən işçilər və bəzi digər kateqoriyadan olan şəxslər istisna olmaqla, digər şəxslərin ölkəyə girişinə müvəqqəti qadağalar mövcuddur. Bundan əlavə, beynəlxalq uçuşlar Kanadaya yalnız dörd hava limanından həyata keçirilir: Vankuver, Kalqari, Toronto və Montreal.

Pandemiya dövründə yeni müraciətlər və ərizələrin qəbulu davam etsə də, sənədlərə baxılma müddətində xeyli gecikmələr müşahidə olunur. Bu da onlayn iş rejiminə keçid, viza və pasport mərkəzlərinin bağlanması və ya məhdud rejimdə işləməsi, həmçinin bir çox immiqrasiya proseslərinin təxirə salınmasından irəli gəlir. Müşahidə etiyimiz dəyişikliklərdən biri də bir sıra daimi yaşayış proqramları üzrə 18 illlik fasilədən sonra dövlət rüsumlarının artırılmasıdır. Görünür, bu yolla hökumət pandemiyanin dövlət büdcəsinə vurduğu zərəri az da olsa kompensasiya etməyə çalışır.

Ümumiyyətlə, fövqəladə vəziyyətin nə qədər davam edəcəyi barədə dəqiq məlumat yoxdur, lakin yaxın aylarda məhdudiyyətlərin mərhələlərlə götürüləcəyini gözləmək olar. 

Könül Rəşidova

– COVID-19-la bağlı məhdudiyyətlər qüvvəyə mindikdən sonra prosesdə olan immiqrasiya ərizələri ilə əlaqədar tələbləri yerinə yetirə bilməyənlər var. Bu, onların ərizələrinin nəticələrinə təsir  edəcəkmi?

– Hökümət çox yaxşı başa düşür ki, mövcud məhdudiyyətlər səbəbindən bir çoxları immiqrasiya proseslərinin vacib mərhələlərini tamamlaya bilmirlər. Buna görə də hazırda sənəd çatışmazlığı ucbatından baxılmaqda olan heç bir immiqrasiya müraciəti rədd edilməyəcək. Sənədlərin təqdim olunması, tibbi müayinələrin başa çatması və barmaq izinin verilməsi müddəti 90 günə qədər uzadılıb. Bu müddət ərzində zəruri sənədləri təqdim etsəniz, əlavə gecikmələrin qarşısını almış olarsınız.

– Kanadaya oxumaq üçün gələnlər də kifayət qədərdir.  Sentyabrdan yeni tədris ili  başlayır. Buradakı təhsil ocaqlarına qəbul olanlar gələ biləcəkmi?

– Pandemiyanın gəlişi ilə Kanadada təhsil alan və ya təhsil almağı planlayan xarici tələbələrlə bağlı bir sıra yeni qaydalar qüvvəyə mindi.

Bu il martın 18-nə qədər təhsil icazəsi almış beynəlxalq tələbələr Kanadaya gələ bilərlər. Lakin Kanadaya gəldikdən sonra onlardan özlərini 2 həftəlik təcrid etmələri tələb olunacaq.

Martın 18-dən sonra təhsil icazəsi alan tələbələr isə qüvvədə olan hazırkı qaydalara görə, Kanadaya səfər edə bilməzlər. Təhsil müəssisələrinin əksəriyyəti hazırda onlayn rejimdə fəaliyyət göstərdiyindən, əlinizdə təhsil icazəsi olmasa belə, qəbul aldığınız təhsil müəssəsində dərslərinizə xaricdən onlayn başlaya bilərsiniz. Amma onu da qeyd edim ki, təhsil proqramları COVID-19 səbəbilə onlayn formata keçən tələbələrin əllərində təhsil icazəsi olduğu halda, təhsillərini bitirdikdən sonra Kanadada iş icazəsinə müraciət edə bilərlər. Bu qayda təhsil icazəsi ilə təhsil proqramının 50 faizinə qədərini xaricdən onlayn formatda tamamlayan tələbələrə də aiddir.

Hazırda xaricdə olan şəxslərə tələbə vizasına onlayn müraciət etmək tövsiyə olunur. Bu baxımdan Azərbaycandan olan tələbələr özlərini şanslı hesab edə bilərlər, çünki sənədlərə baxılma müddəti qeyri-müəyyən olsa da, ərizələrin qəbulu və işlənməsi prosesi davam edir. Bakıda yerləşən Kanada viza müraciət mərkəzi (Visa Application Center) məhdud iş saatlarında fəaliyyət göstərsə də, barmaq izlərinin (biometrics) qəbulunu və bəzi digər viza prosesləri üzrə işləri davam etdirir.

Ümumiyətlə, Kanada hökuməti xarici tələbələrin təhsil almasında, və ya təhsillərinin davam etməsində yaranan fasilələləri mümkün qədər minimuma endirməyə çalışır. Bu, Kanadanın ümumi iqtisadi rifahının artmasında xarici tələbələrin önəmli rol oynamalarından irəli gəlir.  Belə ki, beynəlxalq tələbələr hər il ölkə iqtisadiyyatına təxminən 22 milyard dollar töhfə verərək 170 mindən çox iş yeinin qorunmasına kömək edir. 2019-cu ildə Kanadaya gələn beynəlxalq tələbələrin ümumi sayının təxminən 48 faizi (307 min nəfəri)  təkcə Ontario vilayətinin payına düşür.

– Bəs Kanada hökumətindən sığınacaq istəyən miqrantların işi necə olacaq? Bildiyim qədərilə, hazırda məhkəmə sistemi fəaliyyət göstərmir…

– COVID-19-un təsirinə ən çox məruz qalanlar sığınacaq üçün müraciət edənlərdir. Məhkəmə və  intervyuların təxirə salınması səbəbilə adi halda belə, ləng gedən prosesdə daha da çox gecikmələr müşahidə olunur və vəziyyətin hansı müddətə qədər uzanacağı barədə dəqiq məlumat yoxdur. Lakin müraciətçilər məhkəmə işlərinə aid sənədlərini Canada Post-un “E-post” onlayn platforması vasitəsilə IRB-yə (Immigration and Refugee Board of Canada – Kanadanın İmmiqrasiya və Qaçqınlar üzrə Dövlət Bürosu)  təqdim etməyə davam edə bilərlər.

Bildiyimiz kimi, bir çoxları sığınacaq istəmək məqsədilə Kanadaya ABŞ sərhədindən keçirdilər. Amma pandemiya ilə əlaqədar hazırda  sığınacaq tələb etmək üçün Amerikadan Kanadaya daxil olmaq istəyən şəxslər müvəqqəti olaraq ABŞ-a geri göndərilirər.

Kanadanın daxilindən yeni ərizələrin qəbulu davam etməkdədir. COVID-19 dövründə, istisna hal kimi, sığınacaq üçün ərizələr elektron poçt vasitəsilə (IRCC.RefugeeClaim-Demandedasile.IRCC@cic.gc.ca) IRB-yə təqdim edilə bilər. Məhkəmədən keçən şəxslər isə, COVID-19 dövründəki məhdudiyyətlərə baxmayaraq, daimi yaşayış ərizələrini, hər zaman olduğu kimi, poçt vasitəsilə IRCC-yə göndərə bilərlər.

– Karantin dövründə vətəndaşlığa müraciət edənlərin aqibəti necə olacaq? Dövlət qurumları bütün gücüylə çalışmadığına görə sənəd işlərində gecikmələr varmı?

– Vətəndaşlıqla bağlı yeni müraciətlərin qəbulu davam etməkdədir.  Lakin mövcud fayllarla bağlı bütün proseslər növbəti xəbərdarlığa qədər ləğv olunub. Bura vətəndaşlıq mərasimləri və testləri də daxildir. Mərasim və testlərin yeni tarixləri barədə vətəndaşlığa baş vuran zaman təqdim etdiyiniz e-mailinizə və ya poçt vasitəsilə evinizə bildiriş göndəriləcək. Baxılmaqda olan vətəndaşlıq müraciətləri ilə əlaqədar əlavə sənədlər tələb olunsa, onları təqdim etmək müddəti 90 günə  qədər uzadılıb. Təsdiq olunmamış məlumat da var ki, hazırda IRCC vətəndaşlıq mərasimlərinin virtual formata kecirilməsi istiqamətində işlər aparır.

Onu da qeyd edim ki, pandemiya dövürundə məcburi olaraq ölkədən kənar qaldığınız müddət, vətəndaşlığa sənəd verən zaman, Kanadada qaldığınız  müddət kimi hesablanmayacaq.

– Könül xanım, Azərbaycandan Kanadaya miqrasiya etmək istəyən həmyerlilərimiz bir çox hallarda immiqrasiya fırıldağının qurbanı olurlar. Qarşı tərəfin onları aldatdğını biləndə isə çox gec olur. Nə tövsiyə edərdiniz, həmyerlilərimiz immiqrasiya dələduzlarını necə ayırd etsinlər?

– Bu mövzu çox aktualdır. İmmiqrasiya dələduzluğu ilə bağlı hekayələri tez-tez eşidirik. Bu sahədə xidmət təklif edənlər o qədər çoxdur ki, insanlar kimə inanacaqlarını bilmirlər. Əslində immiqrasiya fırıldağı qurbanı olmaq riskini minimuma endirmək çox sadədir; bir az ayıq olun, işlədiyiniz şəxsə ödəniş etməyə tələsməyin, onun lisenziyasının mövcudluğundan əmin olun, barəsində araşdırma aparın. Ən azından “google”da axtarışa verib  haqqında olan məlumatları oxuyun. Bundan başqa, təklif etdiyi xidmətin nədən ibarət olduğunu və hansı əsaslarla işlədiyini öyrənin. Bir sözlə, immiqrasiya işinizi başqasına etibar edərkən məlumatlı qərar verin. Bu yaxınlarda “Viza dələduzları-Qara siyahı” adlı Facebook qrupuna rast gəldim. Ən azından şübhə etidiyiniz şəxslər barədə o qrupa və onun kimi başqa qruplara sorğu göndərib toplumun fikrini alın.

Ümumilikdə, dələduzların istifadə etdikləri ən əsas metodlardan biri pul müqabilində Kanadaya viza alacaqlarına zəmanət vermələridir. İnsanlar daha çox işlərinin düzələcəyinə zəmanət verənlərə inanmağa meyl edirlər və çox vaxt öz immiqrasıya işlərini onlara gözüyumulu həvalə edirlər. Bu da bildiyimiz kimi, ağır nəticələrə gətirib çıxarır. Təəssüf ki, bu, yalnız pul itkisiylə nəticələnmir, həm də Kanadaya qapılarınızı həmişəlik bağlaya bilər. Lisenziyalı immiqrasiya vəkilləri və konsultantların hamısı bilir ki, heç bir şəxs viza və ya digər immiqrasiya məsələlərinə təminat verə bilməz. Vizanın verilib verilməyəcəyi barədə yalnız və yalnız IRCC qərar verə bilər.

– Bəzən həmyerlilərimizə pul müqabilində Kanadada iş təklif olunur. Bu nə dərəcədə realdır?

– Kanadada işlə təminat və iş vizası təklifi olunanda çox ehtiyatlı olmaq lazımdır. Çünki əksər hallarda bu cür təkliflər əsassız olur.  Kanadaya iş vizası almaq asan məsələ deyil və bəzi istisnalar olmaqla hər hansı  Kanada şirkəti tərəfindən iş təklifi almaq Kanadaya iş vizası almaq üçün kifayət etmir. Xaricdən işçi gətirmək üçün Kanada şirkəti ilk növbədə Kanadanın Məşğulluq və Sosial İnkişaf Xidmətindən (Employment and Social Development Canada) müsbət LMIA (Labor Market Impact Assessment – Əmək BazarınaTəsirin Qiymətləndirilməsi) almalıdır. Bir  neçə ay sürən prosesdə həmin şirkət Kanada hökümətinə digər məsələlərlə yanaşı, xarici işçiyə təklif olunan vəzifəyə yerli kanadalını tapa bilmədiyini, həmin işçinin alınmasının Kanadanın əmək bazarına müsbət təsir göstərəcəyini, xarici işçiyə Kanadanın müvafiq vilayət və şəhərində eyni iş üçun verilən orta əmək haqqı qədər və ya ondan daha çox əmək haqqı verə biləcək qabiliyyətində olduğunu sübut etməlidir. Yalnız sizə iş təklifi edən şirkət müsbət LMIA aldıqdan sonra siz iş vizasına müraciət edə bilərsiniz. İş vizasına müraciət edərkən LMIAnömrəsini ərizə formanızda qeyd etməlisiniz. Onu da qeyd edim ki, COVID-19 dövründə, istisna hal olaraq, LMIA ərizələrini elektron poçt vasitəsilə vermək mümkündür.

– Dələduzluq qurbanı olan şəxslər şikayət üçün hara müraciət edə bilərlər?

– İmmiqrasiya dələduzluğunun qurbanı və ya şahidi olan şəxslər bu barədə 1-888-502-9060 telefon nömrəsi vasitəsilə Kanada Sərhəd Xidmətinə (CBSA) məlumat verə bilərlər. Dələduzluq rəsmi təmsilçiniz tərəfindən edilibsə, onun tabe olduğu tənzimləmə orqanına şikayət edə bilərsiniz. Bundan əlavə, dələduzluq edən rəsmi nümayəndənizi ləğv edərək bu barədə cic.gc.ca/english/contacts/web-form.asp saytı vasitəsilə IRCC-yə bildirış göndərə bilərsiniz. Unutmayın ki, siz istədiyiniz zaman rəsmi nümayəndənizdən imtina edə və ya onu başqa nümayəndə ilə əvəz edə bilərsiniz və o, buna heç bir şəkildə mane ola bilməz.

Kanadadan kənardasınızsa, immiqrasiya dələduzlğu qurbanı və ya şahidi olduğunuzla bağlı şikayətinizi Kanada konsulluğuna və ya səfirliyinə edə bilərsiniz. Bəzi hallarda şəxsiyyət və ya maliyyə məlumatları oğurluğu ilə əlaqədar yerli polisi də məlumatlandırmaq olar.

– Ümumiyyətlə, immiqrasıya işində vəkil tutmaq məcburidir?

– Xeyr, immiqrasiya işinizi həll etmək üçün vəkil tutmaq məcburiyyətində deyilsiniz. Məsələn, mən özum Kanadaya immiqrasiya edərkən heç bir vəkilin yardımı olmadan öz işimi müstəqil şəkildə Kanadanın rəsmi internet səhifəsindəki (www.canada.ca) mənbələrdən istifadə edərək həll etmişəm. Amma onu da qeyd edim ki, immiqrasiya sahəsi göründüyü kimi,  sadə və bəsit deyil. Kanadada 80-dən çox immiqrasiya proqramı mövcuddur və həmin proqramlar arasında turist və tələbə vizası, Express Entry (Ekspres Giriş) kimi sadə və müstəqil şəkildə həll oluna biləcək proqramlarla yanaşı, bir sıra kifayat qədər qəliz və mürəkkəb proqram və məsələlər də var ki, onların həlli üçün təcrübəli vəkil və ya konsultantla işləməyin daha məqdəsədəuğyun olduğunu düşünürəm.

– Son olaraq, COVID-19 səbəbilə Kanadanın immiqrant siyasətində yaxın gələcəkdə hansısa  dəyişiklik olacağı gözlənilir?

– İmmiqrasiya son onilliklərdə Kanadanın ümumi iqtisadi inkişafına, həmçinin yeni iş yerlərinin açılmasına təkan verən əsas amillərdən biri sayılırdı. Bildiyimiz kimi, COVID-19-un gəlişi ilə Kanadanın iqtisadi mənzərəsi son bir neçə ayda kəskin şəkildə dəyişdi. Təkcə bu il üçün federal kəsir 252 milyard dollar ola bilər. Eynilə, böyük çatışmazlıqlar 2021 və 2022-ci illər üçün də gözlənilir. Bu, o deməkdir ki, iqtisadı artımın stimullaşdırılması üçün dövlət immiqrasiya tədbirlərindən daha cox faydalanacaq. İmmiqrasiya naziri cənab Marko Mendicino bu məsələyə toxunaraq bildirib ki, COVID-19-dan sonra immiqrasiya ölkənin iqtisadi dirçəlişi üçün ən əsas amil olacaq. Hansı dəyişikliklərin olacağını söyləmək çətindir, amma ölkəyə böyük kapital gətirən biznes və tələbə vizalarının təsdiq dərəcəsinin artacağı, Express Giriş proqramının ballarının daha da düşəcəyi, yeni pilot proqramlara start veriləcəyi gözləniləndir. Bunlar da ölkəyə daha çox immiqrantın gəlişi deməkdir. Digər tərəfdən, ərizlərə baxılma müddətinin bir az da uzanacağını, daha çox proseslərin onlayn rejimə keçəcəyini, həmçinin dövlət rüsumlarının artacağını da gözləmək olar.

 

 

Gununsesi.org