Bir qrup vətəndaş ölkə başçısına və xanımına üz tutdu -ŞİKAYƏT

  • By admin
  • 08 Noyabr 2016 10:24

ilham-mehriban

 

Bir qrup vətəndaş üzləşdiyi qanunsuzluqla bağlı prezident İlham Əliyevə və ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət edib.

Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir:

  

Hörmətli Cənab Prezident!

Hörmətli, Mehriban Xanım!

 

Biz, Orucov Sevindik Aşim oğlu, Orucova Larisa Bayram qızı, Əhmədova Vəsilə Sevindik qızı, Qasımov Taleh Balarəfi oğlu və az yaşlı Əhmədzadə Cavidan təhlükədəyik. Bizi müəyyən qrup tərəfindən himayə edilən İbrahimova Nina Nazim qızı, İbrahimova Rabiyə Əsgər qızı və İbrahimov Anar Əskər oğlu – ana, qız və oğuldan ibarət dəstənin hücumlarından qorunmamızı təmin etmənizi, adlarını çəkdiyimiz şəxslərin əməllərinin araşdırılmasını, məsuliyyətə cəlb edilməsini təmin etmənizi xahiş edirik.

Biz ailəlikcə Bakı şəhəri, Təbriz küçəsi 94 ünvanda yaşayırıq. Özümüzə məxsus qarajı ölkə qanunvericiliyinə uyğun şəkildə avtomobillərin yuyulması məntəqəsinə çevirmişik. Bu bizim yeganə dolanışıq yerimizdir.

Avtomobil yuma məntəqəmiz fəaliyyətə başlayan kimi, binanın qarşı tərəfindəki iki avtomobil yuma məntəqəsini işlədən, qanunlara tabe olmayan İbrahimova Nina Nazim qızı, İbrahimova Rabiyə Əsgər qızı və İbrahimov Anar Əskər oğlunun aramsız hüqcumlarına, təhdidlərinə, cinayət əməllərinə məruz qalmışıq. Onlar bizi təhdid edirlər, “Bizim avtomyuma yeri olan ərazidə başqa heç bir şəxs avtoyuma işlədə bilməz”, deyib davamlı hədələyirlər.

Onlar dəfələrlə bizə hücum ediblər, döyüblər, söyüblər, dəfələrlə az ağır olmaqla müxtəlif bədən xəsarətləri yetiriblər.

Onlardan qorunmaq üçün əksər qanuni vasitələrə əl atmışıq. Nərimanov rayon məhkəməsinə müraciət etmişik. Məhkəmə müraciətimizə ədalətli baxıb. İddiamızın təmini tədbirini tətbiq edərək qeyd edilən şəxslərin bizə maneə yaratmasını qadağan etdi. Ancaq bunun da faydası olmayıb. Adlarını çəkdiyimiz şəxslər məhkəmə qərarını icra etmək, məhkəmə icra məmurlarının qanuni göstərişlərinə əməl etmək əvəzinə bizə və icra məmurlarına hücum ediblər.

İbrahimova Nina, İbrahimova Rabiyə və İbrahimov Anar bizə qarşı azı 40 dəfə xuliqanlıq, müxtəlif dərəcəli xəsarətlər yetirmə cinayətlərinə yol veriblər.

Ancaq Nərimanov polisi onların törətdiyi bütün epizodlar üzrə cinayət işi qaldırsa da sonradan iş Bakı Şəhər Baş Polis İdarəsinə verilmiş və həmin idarə cəmi iki epizodla bağlı R.İbrahimovaya və N.İbrahimovaya, 3 epizodla bağlı isə Anar İbrahimova Cinayət Məcəlləsinin 127.1 və 221.21-ci maddələri ilə cinayət işi qaldırıb. Lakin həmin şəxslər istintaqın çağırışlarına gəlməkdən də yayınıblar. Məcburi gətirilmə tətbiq olunması zamanı isə icraçılar, polis əməkdaşları İbrahimova Rabiyə, İbrahimova Nina və İbrahimov Anarın hücumuna məruz qalıb.  İctimai yerdə polisləri təhqir olunub, söyülüb. Polislərin poqonları sökülüb, döyülüb, polisə müxtəlif xəsarətlər yetirilib. Polis avtomobilinə də müxtəlif zədələr vurulub. Baş verənlərin video görüntüləri də çəkilib.

Sözügedən olayla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə cinayət işi başlansa da, sonradan N. İbrahimova, R. İbrahimova və A. İbrahimovun himayəçilərinin təyziqi ilə qanunsuz olaraq cinayət işinə xitam verilib. İbrahimova, R. İbrahimova və A. İbrahimov barəsində CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə açılan cinayət işi isə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilsə də, məhkəmə iş materiallarında texniki səhvlərə yol verilməsi əsası ilə işi yenidən ibtidai istintaqa qaytarıb.

Bu günə qədər Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsi N. İbrahimova, R. İbrahimova və A. İbrahimovun dindirilməsini, işin yenidən məhkəmə baxışına göndərilməsini yubadır. Bununla da cinayətkarların ədalətli məhkəmə qarşısına çıxarılmasının qarşısı alınır, habelə bizə əsassız təsirlər edilir.

 Hörmətli Cənab Prezident!

 Hörmətli Mehriban xanım!

Biz ailəlikcə daim Sizin Azərbaycanı inkişafa aparan siyasətinizi dəstəkləmişik. Hər zaman Sizlərin addımlarınızın uğurlu olması üçün dua edirik. Sizin ölkədə yaratdığınız əmin-amanlıq, sabitlik hər bir ölkə üçün örnəkdir.

Təəssüf edirik ki, N. İbrahimova, R. İbrahimova və A. İbrahimov kimilərinin qanunları tapdamaları, qoçuluq etmələri, dəfələrlə bizə və polisə hücum edərək cinayət törətmələri, onların belə əməllərinin cəzasız qalması Sizlərin ölkədə uğurla qurduğunuz əmin-amanlığa, sabitliyə təhlükələr yaradır.

Köməksiz bir ailə olaraq Sizlərdən N. İbrahimova, R. İbrahimova və A. İbrahimovdan ibarət dəstənin törətdikləri davamlı cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməsinə göstəriş vermənizi xahiş edirik.

 

Hörmətlə,

 Orucov Sevindik Aşim oğlu

 Orucova Larisa Bayram qızı

 Əhmədova Vəsilə Sevindik qızı

 Qasımov Taleh Balarəfi oğlu

 Əhmədzadə Cavidan