Türkiyənin Cümhuriyyət Günü Bakıda təntənəli qeyd edildi - FOTOLAR

  • By admin
  • 29 Oktyabr 2019 22:45

Bu gün Azərbaycan Hökümətinin, Parlamentinin və Vətəndaş Cəmiyyəti qurumlarının, və Mediya Kapitanlarının habelə, və Azərbaycanda fəaliyyət göstərən iş adamlarının və Diplomatik Korpusların təmsilçilərinin iştirakı ilə Türkiyənin Cümhuriyyət Günü Bakıda təntənəli şəkildə qeyd olunub.

Gununsesi.org xəbər verir ki, Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Türkiyə Dövlətinin Başçısı Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Günü ilə bağlı bəyanatını səsləndirib. Bəyanatda qeyd olunub ki, Türkiyə xalqı bir millət və dövlət olaraq son dövrlərdə əhəmiyyətli anlar yaşayır: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz dövlət və millət olaraq son illər yenə də bir istiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq”.

Ölkəmiz adına isə Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Spiker vurğulayıb ki, Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə xalqı və dövləti həmişə Azərbaycanın yanında olub: “Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm. Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə çatıb. Əminəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!”.

 

Gununsesi.org