Bakıda işləyən rayon qeydiyyatlı şəxslərlə bağlı Operativ Qərargahdan açıqlama

  • By admin
  • 24 Mart 2020 17:20

Sosial izolyasiya tədbirləri tətbiq olunana qədər Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olan şəxslər bu ərazilərdən kənara gediblərsə, onlar rahat şəkildə geri qayıdacaqlar.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

“Rayon qeydiyyatında olub, amma Bakıda işləyən şəxslərin paytaxta girişi Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən yerində tənzimlənəcək. Vətəndaşlar arxayın olsunlar ki, bütün məsələlər onların xeyrinə həll ediləcək. Əgər rayon qeydiyyatında olan şəxs Bakıda işləyirsə və öz iş yerinə gedib çatmalıdırsa, təbii ki, belə hallar vətəndaşların xeyrinə nizamlanacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Gununsesi.org