Bakıda dava ölümlə bitdi: Xüsusilə təhlükəli cinayətkar tutuldu

  • By admin
  • 24 İyun 2020 12:31

Bakı Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri birgə tədbirləri nəticəsində paytaxtda 17 iyunda baş verən qətldə şübhəli bilinən şəxsləri saxlayıblar.

Bu barədə Gununsesi.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həmin gün saat 21:00 radələrində Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində 1985-ci il təvəllüdlü Cəlal Hüseynov qarın nahiyəsindən bıçaq zərbəsi ilə qətlə yetirilib.

Görülmüş tədbirlər nəticəsində 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Rauf Hənifəyev və 1979-cu il təvəllüdlü Abşeron rayon sakini Ramil İsrafilov Binəqədi rayonunda tutulublar.

İlkin məlumatlara görə, qətldən iki gün əvvəl C.Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.

İyunun 17-də Tural C.Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib. Kişilər oraya tək yox, “dəstək qrupları” ilə gəliblər. Tural özü ilə R.Hənifəyevi və R.İsrafilovu gətirib.

Tərəflər arasında dava başlayıb, R.Hənifəyev C.Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.       

Qeyd edək ki, R.Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub. Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub. R.İsrafilov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.    

Məlum olub ki, R.Hənifəyev 2004-cü ilin iyulunda xarici vətəndaşlara edilən hücumlarla bağlı cinayətin iştirakçısı olub. Belə ki, iyulun 9-da R.Hənifəyev və F.Məmmədov “Pasco” şirkətinin direktoru, Böyük Britaniya vətəndaşı Rəsul Elçi Mustafaya hücum edərək, ondan 400 dollar və 350 min manat pul alıblar.

Onlar iyulun 12-də saat 23.00 radələrində Üzeyir Hacıbəyov küçəsində “IMC Consulting” şirkətinin mütəxəssisi, İrlandiya vətəndaşı Donald Uliziyə qarşı güc tətbiq ediblər. Cinayətkarlar əcnəbi vətəndaşın mobil telefonu, kompüterini, bank kartını və pulunu alıblar.

İyulun 17-də gecə Hüsü Hacıyev küçəsində R.Hənifəyev və F.Məmmədov xarici neft şirkətinin işçisi, Böyük Britaniya vətəndaşı Def Georgiyə hücum edərək, ondan 300 min manat pulu, həmçinin mobil telefonu götürüblər.

Eyni zamanda, Yasamal RPŞ-nin cinayət axtarış şöbəsinin əməkdaşları C.Hüseynovun qətlində əli olan şəxslərin müəyyənləşdirilməsi üzərində işlərini davam etdirirlər. Faktla bağlı daha iki nəfərin cinayət məsuliyyətinə cəlb olunacağı məlumdur. Sonuncular hələ tutulmayıb.

Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.       

Gununsesi.org