Bakı fəhlələri metropolitenin rəisi Zaur Hüseynova müraciət edib

  • By admin
  • 11 İyun 2020 13:55

Bakıda işə metro ilə gedib-qayıdan bir qrup fəhlə “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynova müraciət ediblər. Müraciətdə deyilir: “Əziz Zaur qardaş! İlin-günün bu vaxtında, koronavirus pandemiyasının tüğyan etdiyi bir şəraitdə Sizi narahat etdiyimiz üçün gərək bizi bağışlayasınız. Bilirik ki, işləriniz çoxdur, gecə-gündüz virusla mübarizə aparan insanların ön sıralarında gedənlərdən biri də Sizsiniz. Amma və lakin bəzi xüsusatlar vardır ki, onlar Sizin koronavirusu yox etmək üçün atdığınız qətiyyətli addımları buxovlayır. Axı nədir bu xüsusatlar ki, biz buna görə Sizi narahat etməyə məcbur olmuşuq? Əziz Zaur qardaş, biz fəhlə adamlarıq, bir ay gecə-gündüz işləyirik ki, ailəmizi dolandıra bilək. Elə aldığımız maaş da aylıq xərcimizi güclə ödəyir. Təbii ki, belə maaşla biz özümüzə şəxsi avtomobil ala bilmirik, heç nə zamansa alacağımıza ehtimal da yoxdur. Ona görə də işə Sizin rəhbəri olduğunuz metro ilə gedib-gəlirik. Tək işə yox, harasa gedəsi olduq – istifadə etdiyimiz nəqliyyat vasitəsi metro olur. “Mersedes” “BMW”, ““Qalendevagen” haqqında eşitmişik, küçədə görmüşük, lap elə onların qluşitelindən çıxan sədaların altında metro stansiyalarına düşdüyümüz anlar da olub. Amma bizim əlimiz çatan elə metrodur. Son zamanlar Sizdən möhkəm incimişik, küsmüşük. Çünki belə düşünürük ki, Siz bizi unutmusunuz. Bunun səbəbinə gəlincə, əziz Zaur qardaş, indi biz metroda real təhlükə ilə üzləşirik. Bunu da Sizin işçilər edir. Çünki səhər və axşam fəhlələr işə gedib-qayıdanda, Sizin təbirinzcə desək, pik saatlarda eskalatorın ancaq biri işləyir. Nəticədə insanlar platformada toplaşırlar, basabas yaranır. Çox güman ki, bizim əksəriyyətimiz həmin sıxlıqda koronavirusa yoluxmuşuq. Əgər yoluxmamışıqsa, belə getsə, mütləq yoluxacağıq. Bəlkə də o basabasa, işə gecikməyə, koronavirusa yoluxmağa dözmək olar, amma Zaur qardaş, bir hal var ki, ona tab gətirmək mümkün deyil. Belə ki, metropolitenin işçiləri pik saatlarda giriş-çıxış eskalatorlarından yalnız birini işlədirlər. Səsgücləndirici vasitəsilə isə sərnişinlərdən koronavirusa yoluxmamaq üçün sosial məsafə saxlamaq tələb olunur. Yəni biz bir-birimizdən 1,5-2 metr aralı dayanmalıyıq. Əziz Zaur qardaş, eskalatorların işləməməsi nəticəsində yaranan o basabasda nəinki sosial məsafəni qorumaq mümkün deyil, orada qohumluq münasibətlərinin yaranmasından güclə qaçmaq olur. Nə sosial məsafə?! Sonda bizi və ölkəmizi koronavirus bəlasından qorumaq üçün metroya giriş-çıxış eskalatorlarının hamısının işlədilməsinə göstəriş verməyinizi xahiş edirik. Belə olmasa, biz fəhlələrin virusa yoluxmasının məsuliyyəti Sizin boynunuzda qalacaq. Əgər eskalatorlar işləmirsə, usta dostlarla birlikdə gəlib düzəldə bilərik. Lazım olan ehtiyat hissələri də bizdən olsun. Axı, biz birlikdə güclüyük!”.

Gununsesi.org