AzTV-dən cavab: düşmən koronavirusdur! – VİDEO

  • By admin
  • 17 Mart 2020 11:40

AzTV son günlərdə onlara qarşı səslənən bəzi iddialara cavab verib.

Gununsesi.org həmin cavabı təqdim edir:

“Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstdən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başa düşülən deyil. Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaragüruh psixologiyası nümayiş etdirmələri insanı daha da narahat edir.
Əvvəla, bu gün AzTV efirinin 80%-ni vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün hara zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tok-şoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar, yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstdən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq sadəcə olaraq savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var. O da koronavirusdur. Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək, bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə, xahiş edirik ki, materiala bir də baxsın”.
Qeyd edək ki, AzTV-yə qarşı vətəndaşların həmin iddialarında ölkədən xaricdə təhsil alan azərbaycanlı tələbələr öz sosial şəbəkələrində “biz vətəndaşıq, dövlətə yük deyilik” paylaşımları ilə telekanalın süjetinə etirazlarını bildirmişdilər.