“AzTV-də çalışmaq özü bir prestijdir” - NATAVAN BABAYEVA (MÜSAHİBƏ)

  • By admin
  • 08 Fevral 2017 13:40

aztv

Azərbaycan tamaşaçısı fəaliyyəti dayandırılan ANS televiziyasının ünlu isimlərini indi başqa kanallarda görür. ANS-in xəbər aparıcısı olmuş Natavan Babayeva isə AzTV-ni seçənlərdəndir.

Gununsesi.info-nun əməkdaşı tanınmış telejurnalistlə yeni işi barədə danışıb.

-Əvvəla təklifimizi qəbul edib suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün təşəkkür edirik.

-Siz də sağ olun. Özüm də mətbuat işçisiyəm. Bu sahədə çalışan heç kəs respondentindən “yox” cavabı almaq istəməz.

Sizi artıq bir müddətdir ki, Azərbaycan Televiziyasının efirində görürük. Yeni iş yerində özünüzü necə hiss edirsiniz?

– İki aydır Azərbaycan Televiziyasında işə başlamışam. Əslində hər yeni iş yeri fikrimcə müəyyən qədər yeni başlanğıcdı. Özü də qosqocaman və təcrübəli Azərbaycan televiziyası. Desəm ki, çətin olmadı, səmimi alınmaz. Baxmayaraq ki, burda hamı ilə münasibətim və ünsiyyətim çox yaxşıdı.

Çətinlikdən danışdınız. Bir qədər də konkretləşdirək…

– Çətinlik bir az ola bilər formatdadı. Burda daha böyük məsuliyyət tələb olunur. Kənardan hər şey asan görünür. Bəlkə çoxlarına elə gələ bilər ki, Azərbaycan Televiziyasında işləmək asandı. Bura gələnə qədər bəlkə məndə də belə bir təəssürat vardı. AzTV-də aparıcı kimi çalışmağın çətinliyi və məsuliyyətinə gəlincə, buradakı aparıcıların bacarıq və təcrübəsini indi fəaliyyət göstərən heç bir telekanalla müqayisə etmək mümkün deyil. Bu baxımdan AzTV-də çalışmaq özü perestijdir.

Aztv-ni digərlərindən fərqləndirən nədir sizin üçün?

– AzTV ölkəmizin birinci və əsas telekanalıdır. Burada illərin formalaşdırdığı illərin xəbər məktəbi var. Baxın, bu telekanalda Rafiq Hüseynov, Roza Tağıyeva, Həqiqət Əsgərzadə, Gülşən Əkbərova, Nərgiz Cəlilova kimi nəhənglərlə qarşılaşmaq bir tərəfə, onlarla çiyin-çiyinə işləmək mümkündü. İndi mən bir nəfəsə adları çəkirəm. Unutduğum adlar ola bilər, çox üzr istəyirəm buna görə. İndi Dilarə Səlim, Rafiq Həşimov ilə həmkar olmaq görün mənim üçün nə deməkdir. Sevimli aparıcılarımla bir yerdə işləməyimə görə özümü şanslı hesab edirəm. Eynu zamanda burada çox güclü və perspektivli gənc nəslin yetişdiyinə şahid oldum. Rəhbərlik onların formalaşması üçün bütün şəraiti yaradıb.

Bəs necə oldu ki, məhz dövlət televiziyasında işləmək qərarına gəldiniz?

– Bilirsiniz ki, mən uzun illər ANS telekanalında çalışmışam. Telekanal məlum səbəblərdən bağlandıqdan bir müddət sonra Azərbaycan Televiziyasına gəldim. Buna bir növ qismət və şans deyərdim. Adam nəyi isə fikirləşəndə “xeyirlisi” deyir. Burada işlədiyimi eşidən hər kəsin müsbət reaksiyası ilə qarşılaşanda doğru addım atdığımı anladım. Əksəriyyətin AzTV-ni birinci kanal hesab etdiyinin fərqinə vardım. Odur ki, birinci kanalda işlədiyimi fikrləşəndə, bu qismətimə yalnız çox şükürlər edə bilərəm. Bəlkə də, indi kimdəsə belə bir təəssürat yarana bilər ki, AzTV-ni çox tərifləyirəm. Amma səmimiliyimə inanın, mən sevmədiyim bir yerdə çalışa bilməzdim.

Gununsesi.info