Azərbaycanda icbari tibbi sığortanın mərhələli tətbiqi müddəti UZADILDI

  • By admin
  • 30 Mart 2020 13:17

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılması təklif edilib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Hazırkı qanunvericiliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Digər dəyişikliklə isə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər), sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) və mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər icbari tibbi sığorta haqlarını 2023-cü il yanvarın 1-dən ödəməli idi. Bu müddət 1 il – 2024-cü ilin yanvarın 1-dək uzadılıb.

Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra qəbul edilib.

Gununsesi.org