“Azərbaycan və Türkiyə əkiz qardaşdırlar” - BAŞ KONSUL

  • By admin
  • 29 Oktyabr 2019 21:09

Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

Gununsesi.org-un məlumatına görə, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə rəhbərləri və şəhər ziyalıları iştirak ediblər.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının foyesində təşkil olunan tədbirdə ilk olaraq Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümhuriyyətin 96-cı ildönümü münasibətilə video təbriki izlənilib.

Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk qonaqları salamlayaraq hər iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən bəhs edib: “Biz türklər altı qardaşıq. Azərbaycan və Türkiyə isə bu qardaşların əkizidirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Çıxışlardan sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrının ifasında Azərbaycan və Türkiyə musiqisi nümunələri səsləndirilib. Gəncə Musiqi Kollecinin tələbələrinin təqdim etdiyi rəqs nümunəsi hər kəsin zövqünü oxşayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

 

Gununsesi.org