Azərbaycan qadınlara zorakılığa qarşı İstanbul konvensiyasına niyə qoşulmur? – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 10 Mart 2020 11:53

Xəbər verdiyimiz kimi, martın 8-də Bakıda “8 MARŞ – Bizimdir Hürr Küçələr” adlı yürüş keçirilib.

Özlərini feminist qrup kimi təqdim edən bir neçə şəxsin şəhərin mərkəzində keçirdiyi bu yürüş ölkədə bir çox ictimai, mədəni kəsimin fərqli-fərqli münasibəti ilə qarşılandı.

Bildirək ki, Azərbaycan Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyasına qoşulmayan 2 ölkədən biridir. Konvensiyanı Avropa Şurasına üzv olan 47 ölkədən 45-i imzalayıb. Yalnız Azərbaycan və Rusiya hələ də Konvensiyanı imzalamayıb.

Gununsesi.org məsələ ilə bağlı Azərbaycanı Avropa Şurasında təmsil edən Səməd Seyidovla əlaqə qurub. Deputat Azərbaycanın adıçəkilən konvensiyaya qoşulmasını bu cür izah edib: “Azərbaycan hər bir konvensiyanı diqqətlə təhlil edir, öyrənir. Həmin sənədin milli maraqlara uyğun olub-olmaması öyrənildikdən sonra sənəd ölkədəki bir çox qurumlar və təşkilatlar tərəfindən qiymətləndirilir. Xarici İşlər Nazirliyi və bir çox dövlət qurumlarında profil üzrə dəyərləndirildikdən sonra digər beynəlxalq təşkilatlarla uzlaşma şəklində məsələ öz həllini tapa bilər”.

Səməd Seyidov bildirib ki, yeni yaranmış Milli Məclis də bu məsələni müzakirə edəcək. Deputat əlavə edib ki, müzakirələrdən sonra həmin konvensiya ilə bağlı qərar verilib-verilməyə bilər.

Arzu.

Gununsesi.org