Azərbaycan Gürcüstanla birgə Qara Dənizdə yeni layihə icra edəcək

  • By admin
  • 27 Fevral 2020 21:19

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşüb. 

Gununsesiaz.info APA-ya istinadən xəbər verir ki, bu barədə gürcüstanlı nazir özü məlumat verib.

Bildirib ki, görüş zamanı Azərbaycan nümayəndə heyətinin daha əvvəl Tbilisiyə səfəri çərçivəsində müzakirə edilmiş birgə enerji və logistika layihələri diqqətdə saxlanılıb.

Bundan başqa  Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin tamamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.

Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanla Qara Dənizdə tamamilə yeni bir layihənin icrasına başlayacaq və layihəyə Azərbaycanın müvafiq dövlət və ya özəl strukturları cəlb ediləcək.

N.Turnava bu layihənin  Orta Koridorun rəqabət qabiliyyətliliyinə töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, N.Turnava iki günlük səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb.

 

 

Gununsesiaz.info