“Azərbaycan Yaxın Şərqdə, xüsusən də Körfəz ölkələrində cərəyan edən proseslərə cəlb oluna bilər”- AİDA QƏMBƏR

“Azərbaycan Yaxın Şərqdə, xüsusən də Körfəz ölkələrində cərəyan edən proseslərə cəlb oluna bilər”

aida qember

Yaxın Şərqdə, xüsusən də son günlər Körfəz ölkələrində baş verən proseslər, bu proseslərin inkişaf dinamikası və nə ilə nəticələnəcəyi demək olar ki, bu gün dünya mediasını zəbt edən ən vacib məsələlər sırasındadır. Bunu nəzərə alaraq bölgədə yaranmış vəziyyəti və baş verən prosesləri Yaxın Şərq üzrə mütəxəssis Aidə Qəmbərlə aydınlatmağa çalışdıq.

Beləliklə, Aida Qəmbərin Gununsesi.info-ya müsahibəsini təqdim edirik.

Aida xanım, kürdlərin sentyabrın 25-də müstəqil dövlət yaradılması ilə bağlı verdikləri qərar bölgə dövlətləri, o cümlədən ABŞ və  Almaniya tərəfindən məqbul sayılmadı. Kürdlərin İraqın şimalında müstəqil dövlət yaratmaqla bağlı refernedum niyyətini necə dəyərləndirirsiniz? Bu onsuz da böhran içində olan bölgədə hansı yeni fəsadlara yol aça bilər?

– Kürdlər hələ uzun illərdir müstəqil dövlət yaratmaq istiqamətində mübarizə aparır. Kürdlərin İraq ərazisində müstəqil dövlət yaratmaq  niyyəti konkret olaraq 90-ci illərdən etibarən bir konstruksiya halını alıb. Düzdür, bu məsələ daha əvvələ gedir. Çünki kürdlər bu istiqamətdə 90-cı illərdən də öncə həm diplomatik, həm də silahlı mübarizə aparıblar. Ancaq 90-ci illərdə ikinci Körfəz müharibəsindən sonra kürdlər İraqın şimalında dövlət yaratmaq istiqamətində konkret addımlar ataraq, müvafiq dövlət qurumları və strukturları formalaşdırmağa başlayıblar. 2003-cü ildən sonra isə bu proses daha da sürətlənib. O baxımdan da kürdlərin indiki mərhələdə müstəqil dövlət yaratmaqla bağlı referendum keçirmək barədə qərarı heç də təsadüfi deyil. Burada məsələnin problemi ondan ibarətdir ki, əgər kürdlər referendumla bağlı qərarlarında israrlı olub, bunu keçirsələr, bunun fəsadları ciddi ola bilər. Və bu məsələnin artıq başqa tərəfidir. Mənim referendumun müsbət nəticələnəcəyinə elə də şübhəm yoxdur və nəticə etibarı ilə kürdlər referendumu keçirəcəklər. Ancaq iş bununla bitmir.

Referendum müsbət nəticələnərsə İraq rəsmən parçalanacaq. Bax, məsələnin ən neqativ tərəfi də budur. Burada digər amil də ondan ibarətdir ki, kürdlər İraqla yanaşı, Suriya, Türkiyə və İranda da kompakt halda yaşayırlar.

– Referendumun keçirilməsi və İraqın parçalanması hansı hadisələrə səbəb ola bilər?

– Region onsuz da çalxalanır. Əgər bu ideya reallaşrsa, bölgədə yeni dövlətlərin yaranmasının şahidi olacağıq və bu prosesə start veriləcək.

– Bölgədə vəziyyətin belə bir həddə çatmasının Azərbaycana hansı təsirləri ola bilər?

– Bu məsələlərdə Azərbaycana təhlükə ondan ibarət ola bilər ki,  ölkəmiz regiona yaxın ölkədir. Ona görə də istər-istəməz bu proseslərə cəlb oluna bilər.

Bir çox analitiklər hesab edirlər ki, bölgədə bəzi güc mərkəzləri qəsdən idarəolunan xaos yaratmaqla öz məqsədlərinə nail olmaq istəyirlər. Siz necə düşünürsünüz?

– Məsələ orasındadır ki, bölgədə həddən artıq oyunçular var. Həm beynəlxalq səviyyəli, həm də regional səviyyədə. Bu oyunçuların hamısının bölgədə özünəməxsus marağı var və bunları uzlaşdırmaq, bir araya gətirmək də mümkün deyil. Yəni maraqlar toqquşur. Ona  görə də hər oyunçu öz marağı çərçivəsində hərəkət edir. O baxımdan hələ indiki məqamda bu, xaosu yaradan güclərin niyyəti və məqsədi nədən ibarətdir, nəyi istəyirlər sualına cavab vermək tezdir. Düzdür, müəyyən elementlər görünməkdədir. Ancaq qiymət vermək tezdir. Çünki proseslər çox sürətlə inkişaf edir. Bunun üçün müəyyən müddət lazımdır.

Aida xanım, qayıdaq Qətər məsələsinə. Yaranmış böhran çərçivəsində Qətərin XİN başçısı bu gün Moskvaya səfər edəcək. Siz bu səfəri necə dəyərləndirirsiniz?

– Qətər indiki üzləşdiyi blokada şəraitində izolyasiyanı yararaq özünə yeni müttəfiqlər aramaq və yaxud da mövcud müttəfiqləri ilə mövqelərini bir daha aydınlaşdırmağa çalışır. Sirr deyil ki, Qətərin Rusiya ilə müəyyən siyasi və iqtisadi əlaqələri mövcuddur. Ona görə də Qətər bu əlaqələrdən yararlanmaq istəyir. Təbii ki, Rusiyada Körfəzdə baş verən proseslərdən öz marağı üçün istifadə etmək niyyətindədir. Baxmayaraq ki, Rusiya hazırkı mərhələdə Körfəz ölkələrinə nüfuz etmək imkanına malik deyil, ancaq bununla belə, vəziyyətdən yenə də yararlanmağa cəhd edəcək. Qətərin XİN başçsı da Rusiya ilə mövqelərini aydınlaşdırmağa və bu məsələdə ona dəstək olmasını təmin etmək üçün Moskvaya səfər edib.

– Aida xanım, bir çox ekspertlər bölgədə Qətərin timsalında yeni müharibə ocağının alovlanmasını istisna etmirlər. Siz necə düşünürsünüz, bu nə qədər realdır?

– Mən indiki mərhələdə yeni müharibə ocağının alovlanmasını görmürəm. Müharibə ocağını ona görə istisna edirəm ki, bölgədə Suriya, İraq və digər ciddi problemlərin olduğu bir məqamda yeni bir müharibə ocağının olması, bütövlükdə bölgəni müharibənin cənginə ala bilər. Bu isə onsuz da çalxalanan bölgəni daha da ciddi problemlərlə üz-üzə qoyar. Ancaq yenə deyirəm heç nəyi də istisna etmək olmur. Bunlar  proseslərin inkişafından asılı olacaq.

Mürtəza

Gununsesi.info

COMMENTS