“Aydınlar Partiyası” seçki ilə bağlı bəyanat yaydı

  • By admin
  • 08 Fevral 2020 18:34
“Aydınlar Partiyası” 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Gununsesi.org həmin bəyanatı hissə-hissə sizə təqdim edir:
“Növbədənkənar parlament seçkiləri üzrə kampaniyanın gedişi bu seçkilərin əvvəlkilərdən ciddi şəkildə fərqlənmədiyini göstərdi. Əksər seçki dairələrindən verilən məlumatlar yerli icra hakimiyyəti orqanlarının, digər dövlət və bələdiyyə qurumlarının, seçki komissiyalarının bəzi vəzifəli şəxsləri tərəfindən seçkiqabağı təşviqata  müdaxilələr edildiyini, inzibati resursları namizədlərdən birinin xeyrinə yönəltdiklərini, müxalifəti təmsil edən namizədlərin seçki kampaniyalarına maneçilik törətdiklərini təsdiq edir”.
Partiya daha sonra açıqladığı bəyanatda bəzi seçki dairələrində müxalifəti təmsil edən namizədlərə geri çəkilmək üçün təzyiqlər edildiyini, özlərinin və yaxın qohumları hədələndiyini iddia edib.
“Müxalifətçi Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin namizəd olduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsində həmin qanun pozuntuları daha kobud şəkildə törədilir. Bu qanunsuzluqların törədilməsində dairə seçki komissiyasının sədri İsgəndər Əliyev xüsusi canfəşanlıq göstərir”, – deyə sənəddə qeyd edilir.
Partiya bəyanatında həmçinin İsgəndər Əliyevi dövlət və bələdiyyə qurumlarının rəhbərlərini, məntəqə seçki komissiyasının sədrlərini, seçki dairəsinin ərazisində yerləşən hərbi hissələrin rəhbərlərini çağıraraq onlara seçkilərin nəticələrini tapşırıqla M.Musayevin xeyrinə yazdıracağını da iddia edib. Daha sonra bəyanatda bunlar qeyd edilir:
“Hətta səsvermə zamanı “karusel” əməliyyatı keçirən dəstələr hazırlatması, məntəqə seçki komissiyalarının sədrlərinə namizədlərə neçə faiz səs yazılmalı olduğu və həmin faizlərə uyğun protokolları qabaqcadan hazırlamaq göstərişi verməsi barədə məlumatlar var. Aydınlar Partiyası hesab edir ki, seçki prosesinə kobud müdaxilələr, görülən hazırlıqlar növbədənkənar parlament seçkilərinin keçirilməsinin mahiyyətini heçə endirir və formalaşacaq yeni parlamentin legitimliyinin qabaqcadan şübhə altına alınması üçün əsaslar yaradır”.
Sonda bəyanatda bu cür “yersiz” müdaxilələrin qarşısının alınması üçün qətiyyətli tədbirlər görülməsi tələb edilir.

Gununsesi.org