Avropa Məhkəməsi Yunuslarla bağlı qərarını açıqladı -30 MİN TƏZMİNAT

  • By admin
  • 02 İyun 2016 15:33

leyla-arif-yunus

Avropa Məhkəməsi hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara görə hökuməti cərimələyib. Gununsesi.info-nun xəbərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin iyunun 2-də açıqladığı qərara görə, hüquq müdafiəçiləri həbsdə olarkən onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq (Avropa Konvensiyasının 3-cü maddəsi) hüquqları pozulub. Söhbət onlara lazımı tibbi yardımın edilməməsindən gedir.

Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə hüquq müdafiəçilərinin hər birinə 13 min, hüquqi məsrəflərə görə isə birlikdə 4000 avro ödəməlidir. Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunmuşdular. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

Hüquq müdafiəçiləri həbsdəykən qeyri-insani rəftara məruz qaldıqlarını, zəruri tibbi yardımlarla təmin olunmadıqlarını deyərək məhkəməyə müraciət etmişdilər. Ancaq yerli məhkəmələr bu iddiaları rədd edən qərarlar vermişdi.

Avropa Məhkəməsinin qərarı bu epizodla bağlıdır.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.

Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, onların ölkəni tərk etmələrinə yasaq qoyulmuşdu. Ancaq sonra Hollandiya hökumətinin də dəstəyi ilə onlar ölkədən kənara buraxıldılar.