Avropa İttifaqı ABŞ sanksiyaları ilə üzləşən Kubaya yardım vəd edir

  • By admin
  • 11 Sentyabr 2019 09:39

 

ABŞ-ın kommunist ölkəsinə sanksiyaları gücləndirdiyi bir vaxtda Avropa İttifaqı Kubaya öz iqtisadiyyatını inkişaf etdirmək üçün yardım göstərməkdə maraqlıdır.

Gununsesi.org xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ xarici siyasət rəhbəri Federika Mogerini bildirib. Mogerini bu bəyanatı Kubaya üçgünlük səfəri çərçivəsində verib.

Avropa İttifaqı təkpartiyalı Kuba ilə münasibətləri beş il öncə ABŞ-la eyni vaxtda normallaşdırmağa başlayıb.

Prezident Donald Trampın xarici siyasəti sələfi Barak Obamadan fərqləndirməsindən sonra Aİ və ABŞ arasında Kuba ilə bağlı haçalanma baş verib.

Tramp Kuba hökumətinin daha çox islahat aparmasının vacibliyini vurğulayıb.

“Avropa İttifaqı Kubanın başlıca ticarət tərəfdaşı və investorudur,” Federika Mogerini Kuba xarici işlər naziri Bruno Rodriguezlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Sovet-stilli iqtisadiyyata malik bir ovuc ölkələrdən biri olaraq Kubanın belə bir yardıma ehtiyacı var. Belə ki, Kuba eyni zamanda ABŞ sanksiyaları və solçu müttəfiqi Venesuelanın azalan yardımı ilə üzləşir.

Ötən həftə ABŞ vətəndaşlarının Kubaya göndərdikləri pulların miqdarına limit tətbiq edən yeni nizamlamalar qüvvəyə minib.