Aslan İsmayılov bəraət aldı

  • By admin
  • 19 İyun 2020 13:02
“Bu gün dalbadal mənim üçün vacib olan iki xəbər aldım. Birinci, bu gün bildim ki, 18 mart 2020-ci ildə guya Binəqədi rayon məhkəməsində hakim Rəşad Əliyevə qarşı xuliqanlıq etdiyim cinayət işi üzrə haqqımda Ali Məhkəmə bəraətverici hökm çıxarıb. Bu xəbəri alandan sonra Rəşad Əliyevlə maraqlandım. Bəlli oldu ki, göstərişlə üzümə durub məni xuliqanlıqda ittiham edən Rəşad Əliyev 6 may 2020-ci ildə Şəki Ağır Cinayətlər məhkəməsinin sədri təyin edilib”.
Gununsesi.org xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov yazib. Onun qeydlərini təqdim edirik:
“2018-ci ildə haqqımda dalbadal 3 ittihamverici hökm çıxarılanda bunların arxasında ən azından Prezidentin köməkçisi Əli Həsənov və Ədliyyə naziri Fikrət Məmmədovun durduğunu yazırdım. Bir çoxları F.Məmmədovu müdafiə edirdi. Bir daha dediklərim düz çıxdı. Ali Məhkəmənin adıçəkilən hökmü çıxarılandan sonra R.Əliyev haqqında cinayət işi başlanmalı və o, cinayətkar kimi məhkum edilməli idi. Qanunun tələbi belədir. Əvəzində F.Məmmədov onun tapşırığını icra edən şəxsi məhkumlar kürsüsü əvəzinə Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri kürsüsü ilə mükafatlandırdı. Az-çox məhkəmə sistemini tanıyanlar bilirlər ki, bütün hakimlərin, xüsusilə sədrlərin təyinatı üçün siyahını məhz F.Məmmədov verir.
Haqqımda olan bütün qanunsuz məhkəmə hökmləri barəsində Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm. Sona qədər də o işləri təqib edəcəm. Çox maraqlı mənzərə alınacaq. Buna həm ömrüm, həm də enerjim çatacaq. Bütün Avropa görəcək ki, cinayətkar kimi məhkum olmalı şəxs bu gün məhkəmə sədridir. Heç olmasa Azərbaycan adlı Dövləti fikirləşsinlər”.

Gununsesi.org