Arvadının qorxusundan MTN-ə 250 min dollar verən iş adamı– HƏBSDƏKİ GENERALIN İTTİHAM AKTINDAN

Arvadının qorxusundan MTN-ə 250 min dollar verən iş adamı

eldarelcin

Ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyevin və Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş şəxslər ilginc açıqlamalar veriblər.

Gununsesi.info xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan zərərçəkmiş şəxs qismində ifadə verən iş adamı Maqsud Soltan oğlu Mahmudov ifadəsində bildirib ki, 2015-ci il iyulun 5-də təxminən, saat 15 radələrində Milli Təhlükəsizlik  Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyev onun mobil telefonuna zəng edərək, MTN-nin inzibati binasına çağırıb. Ona görə də 06.07.2015-ci il tarixdə saat 10:00-da MTN-nin inzibati binasına gedərək, orada 2-ci mərtəbədə dəhlizin sonunda olan otaqda Azər Mehdiyev tərəfindən qəbul edilib.

Sonuncu özünü təqdim edərək Anti-Terror Mərkəzinin əməkdaşı olduğunu bildirməklə onu terrorçu adlandırıb, bundan sonra ona 10 gündür telefon zənglərinin və mesajlarının onlar tərəfindən izlənildiyini, onun mütəmadi olaraq Ukraynaya getdiyini, Ukraynada İnna və Bakıda zərgər işləyən qızla görüşdüyünü  deyib. Həmin qızın ərinin həbsdən yeni çıxdığını onun nəzərinə çatdırıb. Təxminən 2 saat çəkən söhbətdən sonra  Azər Mehdiyevin xidməti otağındakı daxili telefonuna zəng gəlib, sonuncu “buradadır” sözünü deyib, cavan yaşlarında bir oğlanı onun yanında saxlayıb otaqdan çıxıb. Təxminən 30 dəqiqə sonra Azərlə birlikdə sonradan Baş İdarə rəisinin müavini kimi tanıdığı İlqar Əliyevlə otağa daxil olub. İ.Əliyev əlini ona tərəf uzadaraq, Azərə onu təcridxanaya aparmasını  tapşırıb. Azər İlqarı yola salıb qayıtdıqdan sonra ona bir gün ərzində 250 min ABŞ dolları  məbləğində  pul gətirməsə, onun başqa qadınla  görüşməsini arvadına, həm də görüşdüyü qadının yenicə həbsdən çıxan ərinə deyəcəyini bildirməklə onu hədələyib. O bu məbləği vermək üçün imkanının olmadığını dedikdə, sonuncu  onun maddi vəziyyətindən, imkanlı dostlarından və obyektlərindən məlumatlı olduğunu və həmin pulu tapıb gətirə biləcəyini  bir daha söyləyib.

Azər Mehdiyev həmçinin “Baş İdarə rəisinin müavini İlqar Əliyevin köhnə “Mersedes Qallonvagen” markalı maşını var. Bunun qiyməti 30-40 min dollar aralığındadır, bu maşını sənə verərik, həmin maşını dostun Elşadın Bakı Şəhəri Babək prospektindəki “006” avtosalonunda 2015-ci ilin buraxılışı “Qallonvagen” markalı maşına dəyişib  gətirərsən, bununla da işi bağlayarıq” sözlərini deyib. O Azər Mehdiyevə bu təklifi reallaşdırmağa imkanının olmadığını dedikdə, sonuncu bir neçə dəfə otaqdan çıxıb başqa yerə gedib qayıdıb, hər qayıdanda da məbləğdən 50 min ABŞ dolları azaldıb. Azər Mehdiyev sonuncu dəfə otağa gəldikdən sonra isə 150 min ABŞ dolları verməyini söyləyib, həmin pulu verməyəcəyi təqdirdə o evə çatanadək onun qızlarla görüşməsindən arvadına və görüşdüyü zərgər qadının ərinə məlumat verəcəklərini söyləyib. O 150 min ABŞ dolları məbləğndə pulu verə bilməyəcəyini dedikdə Azər Mehdiyev ona sonuncu məbləğin 120 min ABŞ dolları olduğunu qeyd edərək, dostlarına zəng etməsini  tapşırıb. Və o, dostu Aslan Əhliman oğlu Qəhramanova zəng edərək sonuncudan 120 min ABŞ dolları istəyib. Aslan ona göstərilən məbləğdə pulunun olmadığını, amma Bakı  şəhəri, Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində  olan inşaat materialları mağazasını satıb qeyd olunan məbləği ona çatdıra biləcəyini deyib. Sonradan o dostu A.Qəhramanova məxsus həmin obyekti alqı-satqı dəyərindən çox-çox ucuz qiymətə, yəni 290 min ABŞ dollarına Elşad adlı şəxsə satıb, alqı-satqını 14 saylı notariusda rəsmiləşdirib. Elşada əvvəllər ona olan borcundan bir hissəni ödədikdən sonra yerdə qalan pulu 2015-ci il iyulun 8-də dostu Aslanla birlikdə  Azər Mehdiyevə qabaqcadan zəng edərək, MTN-nin inzibati binasının yanına gedib, elə həmin yerdə də A.Mehtiyevə verib. A.Mehtiyev isə İ.Əliyevə zəng edərək bu bardə ona məlumat verib. Sonuncu telefonda  A.Mehdiyevə bu yaxınlarda xarici ölkəyə gedəcəyini və qalan 60 min ABŞ dollarını da 40 gün ərzində gətirib verməsini deyib. Bundan sonra o avqust-sentyabr ayları ərzində 5 dəfəyə, yəni 3 dəfə 15 000, bir dəfə isə 10 000 və sonuncu dəfə 4700 ABŞ dolları olmaqla  59 700 ABŞ dolları pul MTN inzibatı binasının yanında Azər Mehdiyevin özünə  verib. Hər dəfə getdikdə isə o özü ilə dostlarından ya Şakiri, ya da Elsevəri aparıb. Həmin şəxslər onun A.Mehdiyev pul verdiyini görüblər. A.Mehdiyevə hissə-hissə verdiyi 59 700 ABŞ dəyərində pulu o müxtəliv tanışlarından toplayıb, həmin tanışlarının  pullarını da avqust-sentyabr aylarında  özünə məxsus mənzili dəyərindən ucuz qiymətə satıb ödəyib.

O həmçinin bildirib ki, A.Mehdiyev və İ.Əliyev onun ölkədən çıxıb getməməsi üçün onun sərhəddən giriş-çıxışına qadağa qoyub, bu haqda ona Azər bildirib. Sonuncu dəfə 4700 ABŞ dollarını Azərə verdikdən 3 gün sonra sonuncu ona zəng edərək həmin qadağanın götürüldüyünü deyib.

Gununsesi.info

COMMENTS