Avropa Birliyindən rəsmi Bakı üçün həyati açıqlama: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

  • By admin
  • 04 May 2020 16:55

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell təmsil etdiyi təşkilatın Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyini ifadə edib.

Gununsesi.org xəbər verir ki, Cozef Borell Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”lə bağlı Avropa Parlamentinin üzvünün sualını cavablandırıb.

AB-nin ali nümayəndəsi sorğuya cavab verərək bildirib ki, Avropa İttifaqı Azərbaycan da daxil olmaqla bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır. Bu 2017-ci il Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində açıq şəkildə qeyd edilib.

C.Borell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, AB-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam etdiyi Ali Nümayəndə tərəfindən vurğulanıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi AB-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsünün 31 mart 2020—ci il tarixində verdiyi bəyanatda AB-nin Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkiləri”nin konstutision və hüquqi çərçivəsini tanımadığını bir daha təkrar edərək, bu hadisənin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticələrinə xələl gətirə bilməyəcəyini vurğulamışdır.”

 

 

Gununsesi.org