Aİ Britaniyada fəaliyyətə başlayacaq nümayəndəliyinə rəhbər təyin edib

  • By admin
  • 24 Yanvar 2020 21:47

Avropa İttifaqı (Aİ) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyətə başlayacaq nümayəndəliyinə rəhbər təyin edib.

Gununsesi.org-un xəbərinə görə, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin müvafiq qərarı ilə rəhbər vəzifəyə Joao Vale de Almeyda təyin olunub.

Joao Vale de Almeyda fevralın 1-dən rəsmi fəaliyyətə başlayacaq.

Nümayəndəlik Aİ-nin maraqlarını Böyük Britaniyada təmsil edəcək.

Joao Vale de Almeyda 2015-ci ildən 2019-cu ilə qədər Avropa İttifaqının BMT-dəki səfiri postunda çalışıb. O, 2010-2014-cü illərdə Aİ-nin ABŞ-da ilk səfiri kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, “Brexit” sazişi Böyük Britaniya parlamentinin İcmalar Palatası və Lordlar Palatası, daha sonra isə kraliça II Elizabet tərəfindən təsdiqlənib. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen “Brexit” sazişini imzalayıblar. Böyük Britaniya 31 yanvarda Avropa İttifaqını tərk edəcək.

Gununsesi.org