Adı Quranda olan bal arısı…

  • By admin
  • 06 Avqust 2019 12:59

Bədrəddin Həsənov: “Azərbaycanda arı xəstəliyini üzə çıxaraq konkret laboratoriya yoxdur”

“Rəbbin bal arısına vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda, üzümlüklərdə özünə evlər tik, pətəklər sal”

69: “Sonra bütün meyvələrdən ye və Rəbbin sənə göndərdiyi yolla rahat get (və ya Rəbbin yollarını itaətlə tut). O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”

Bu ayələr Qurandakı 114 surədən biri olan Ən-Nəhl (bal arısı) surəsinin 68-69-cu ayələridir.

Rusiyada arıların kütləvi şəkildə qırılması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, arıların bu cür qırılmasının səbəbi sahələrin təsərrüfat məqsədilə dərmanlanmasıdır.

Bəs Azərbaycanda arıçılıq sahəsində vəziyyət necədir?

Bal arısı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsənov bildirib ki, ölkədə arıçıların sayı ötən illərlə müqayisədə xeyli artıb:

“Əslində Azərbaycanda təsərrüfat sahəsində aparılan işlərin arıçılığa ciddi təsirləri yoxdur. Ancaq tamamilə yoxdur desək də, düzgün olmaz. Çünki ölkədə pambıqçılıq inkişaf etdikcə, dərmanlama çoxalır. Bizdə son zamanlar aran bölgələrində arıçılıq sürətlə inkişaf etməyə başlamışdı. İndi də orada bu cür proses gedir. Lakin pambıqçılıq sahəsi inkişaf etdikcə, pambıq əkini gücləndikcə orada bir qədər durğunluqlar yaranır. Hər halda pambıqda  sovkaya qarşı dərman vurulur ki, bu, arıya da təsir göstərir. Bəzi yerlərdə fındıq ağacına da dərman vurulur. Bu da arıların qırılmasına səbəb olur. Ancaq kütləvi şəkildə arıların qırıldığını söyləmək olmaz.  Əksinə, Azərbaycanda arıçılıqda inkişaf var. Belə ki, 2017-ci ildə Azərbaycanda 270 min arı ailəsi vardı. Bu gün artıq bu, 500 mini keçib. Azərbaycanın 60 rayonunda arıçılıq var. Daha çox arıçılıqla Şəki-Zaqatala bölgəsində və eyni zamanda ölkənin cənub ərazilərində məşğul olurlar. Gədəbəy, Daşkəsən, Quba, Qusarda da xeyli arıçılar mövcuddur. Artıq Kürdəmir, Yevlax, Ağcabədi kimi rayonlarda da arıçılıqla məşğul olunur. Hətta bizim Kürdəmirdə arıçılar birliyimiz də var. Yəni ümumilikdə deyə bilərik ki, aran zonasında da son zamanlar arıçılıq inkişaf edir”.

Həsənov bildirib ki, arıçıların sayının artması nəticəsində balın qiymətinin ucuzlaşması baş verə bilər: “Biz hər zaman gözləyirik ki, arıçılıq inkişaf etsin, qiymətlər aşağı düşsün. Lakin bu sahədə müəyyən problemlər var. Belə ki, xarici ölkələrdən Azərbaycana külli-miqdarda bal gətirilir. Bu bal deməzdim ki, Azərbaycan balı keyfiyyətində ola bilər. Çünki bu ballar əsasən mədəni bitkilərin əkildiyi yerlərdən əldə olunur. Nəticədə bu cür ballar daha ucuz başa gəlir və Azərbaycana gətirib onu burada satırlar. Ölkəyə bal gətirilməsi isə yerli məhsulun satışına mənfi təsir göstərir. Ona görə də artıq biz məsələ qaldırmışıq ki, Azərbaycana balın idxalı hansısa formada durdurulsun. Necə ki, digər məhsullara bu cür qaydalar tətbiq edilir, bala da bunu etmək olar. Türkiyədə bal idxalı məhdudlaşdırıldıqdan sonra ölkədə arıçılıq xeyli inkişaf etdi. Eyni zamanda İsraildə də bu cür təcrübə var”.

Həsənov qeyd edib ki, arıların qırılması təkcə dərmandan asılı deyil: “Arıların qırılması halları bir çox səbəblərdən asılıdır. Ancaq inkişaf etmiş ölkələrin əksəriyyətində, arılar yuvanı tərk edirlər. Yəni loru desək, yuvadan qaçırlar. Bunu bəzi hallarda virusoloji xəstəliklərə bağlayırlar. Azərbaycanda arı xəstəliyini üzə çıxaraq konkret laboratoriya yoxdur. Baytarlıq xidmətinin bu cür laboratoriyaları var. Ancaq onlar da bəzən doğru, bəzən isə yanlış cavab verirlər. Tamamilə ixtisaslaşmış laboratoriya mövcud deyil. Deyirlər ki, telefon dalğalarının da arıya təsiri var. Ancaq bu, dəqiq fakt deyil. Sadəcə olaraq versiya kimi səsləndirilir. Arının yuvanı tərk etməsi halları Azərbaycanda da var. Ancaq kütləvi qırılma mövcud deyil. Bizdə fitosanitarlarla əməkdaşlıq mövcuddur. Belə ki, hansı ərazidə dərmanlanma işləri aparılacaqsa, öncədən bizə xəbər verilir və arılarımızı həmin ərazilərdən çıxarırıq. Bu da arıları qoruyub saxlamağımız üçün şərait yaradır. Ona görə də yekun olaraq deyə bilərəm ki, ölkədə Rusiyadan fərqli olaraq arıların qırılması halları yaşanmır”.

Gununsesi.org