ABŞ Senatının komitəsi Rusiyanın seçkidə Trampın qələbəsinə şərait yaratdığı qənaətinə gəlib

  • By admin
  • 09 Oktyabr 2019 18:48

Gununsesi.org xəbər verir ki, ABŞ Senatının Kəşfiyyat üzrə komitəsi Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan “İnternet araşdırmaları agentliyi”nin hakerlərinin 2016-cı ildə keçirilən prezident seçkilərində Hillari Klintona zərər yetirdiyi və Donald Trampaın xeyrinə çalışdığı qənaətinə gəlib.

Qeyd edək ki, bu “araşdırma agentliyi” Kremlin bir sıra ölkələrdə həyata keçirdiyi qaranlıq əməliyyatlara rəhbərlik etdiyi iddia olunan, iş adamıYevgeni Priqojinə məxsusdur. Yevgeni Priqojinin Rusiyanın Afrika və Rusiyada fəaliyyət göstərən “Vaqner qrupu” kimi özəl hərbi şirkətlərin də fəaliyyətinə kuratorluq etdiyi bilinməkdədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, komitənin hesabatında seçkilərdən öncə hakerlərin diqqətinin əsasən ölkənin afro-amerikan kəsiminə yönəldiyi qeyd olunub.

“Trollar fabriki” kimi də tanınan və mərkəzi Sankt-Peterburq şəhərində yerləşən bu məxfi təşkilatı Rusiyanın ABŞ-dakı siyasi prosesləri araşdıran keçmiş xüsusi prokuror Robert Müllerin də sənədlərində yer alıb.

2019-cu ilin martında prokurorluq bununla bağlı son aktı tərtib edib Ədliyyə nazirliyinə göndərib. Burada Donald Trampın seçki qərargahı ilə Rusiyanın xüsusi xidmət orqanları arasında birbaşa bağlılığın müəyyən olunmadığı qeyd edilsə də Rusiyanın seçkilərin yekun nəticəsinə təsir göstərmək cəhdlərinin artıq sübut olunduğunu bildirilib.

ABŞ Maliyyə nazirliyi isə Yevgeni Priqojinin özünü, onun 3 şəxsi təyyarəsini və yaxtasını sanksiya siyahısına salmaqla kifayətlənib.

Həmin təyyarələrdən birinin 2018-ci ilin iyulun 30-da Rusiyanın 3 jurnalistinin – Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun Mərkəzi Afrika Respublikasında müəmmalı şəkildə öldürülməsindən 10 gün öncə həmin ölkədə olduğu aşkar edilib.

Xatırladaq ki, jurnalistlər məhz “Vaqner qrupu”nun Afrikadakı fəalliyyətini araşdırmaq üçün oraya yola düşmüşdülər.

 

 

Gununsesi.org