ABŞ prezidentinin adı yenidən otel fırıldağında hallanır

  • By admin
  • 15 May 2020 15:46
ABŞ prezidenti Donald Trampın adı yenidən otel qalmaqalında hallanır. 
Gununsesi.org xəbər verir ki, milyarder prezidentin biznes rəqabətinə dözməyib fırıldağa əl atdığı iddia edilir.
Merilənd və Kolumbiyadan olan vəkillər qrupunun irəli sürdüyü iddiaya görə, ABŞ-ın “D.C” otellər şəbəkəsi ölkəyə gələn varlı əcnəbiləri, ictimai-siyasi xadimləri, nüfuzlu şəxsləri, həmçinin Amerika əyalətlərindən, şəhərlərindən paytaxta səfər edənləri müxtəlif yollarla Trampın Vaşinqtondakı otelinə yönəldir. Hətta bunun indi, pandemiya dövründə də davam etdiyi vurğulanır.
Vəkillər qrupu onu da iddia edir ki, Tramp bir çox xarici ölkədə fəaliyyət göstərən otellərindən qazandığı gəlirin bir qismini vergidən gizlədib.
Vəkillər bildirirlər ki, Trampın biznesi pandemiya dövründə koronavirusla mübarizədən də kənarda qalıb.
Onlar xatırladırlar ki, 2017-ci ildə məhkəməyə materiallar təqdim olunsa da, prezidentin otellər şəbəkəsi məsuliyyətdən yayınıb. Vəkillər məhkəmənin öz qərarına yenidən baxmasını, iş üzrə yenidən araşdırma aparılmasını istəyirlər. Bu isə o deməkdir ki, Vaşinqtondakı otellə bağlı məhkəmə çəkişməsi yenidən başlanır.
ABŞ prezidentini məhkəmədə təmsil edəcək nümayəndələr Merilənd və Kolumbiya vəkillərinin qarayaxma kampaniyası ilə məşğul olduğunu, məhkəmədə qaldırılan iddiaların hamısını birmənalı şəkildə rədd etdiklərini vurğulayırlar.
Gununsesi.org