ABŞ Dövlət Departamentində kadr qalmaqalı - FOTO

  • By admin
  • 13 Noyabr 2019 20:13

Çin əsilli qadın “Time” jurnalının üz səhifəsində saxta fotosunu yerləşdirməklə xarici siyasət idarəsini aldadıb

ABŞ Dövlət Departamentinin əməkdaşı işə düzəlmək üçün tərcümeyi-halını saxtalaşdırıb, üstəlik öz fotosu ilə bağlı məşhur “Time”jurnalında dərc olunan saxta materialı təqdim edib.

Gunumsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “NBC” kanalı məlumat yayıb.

Kanalın xəbərində həmin əməkdaşın Dövlət Departamentində olduqca yüksək mövqe sayılan, dövlət katibinin münaqişələrin nizamlanması və sabitləşdirmə əməliyyatları üzrə köməkçisi vəzifəsini tutduğu qeyd olunub.

Mina Çanq adlı 35 yaşlı xanım özünün akademik nailiyyətləri və peşəkar fəaliyyəti barədə yalan informasiyalar veribmiş.

Bundan başqa o, 2017-ci ildə, şəxsi səhifəsində yerləşdirdiyi müsahibədə ABŞ-ın dünyaca məşhur “Time” jurnaılının üz qabığında əks olunmuş fotosunu nümayiş etidirib. Mina Çanq jurnalın onun fövqaladə situasiyalarda pilotsuz aparatların (PUA) tətbiqi sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirdiyini bildirib. Lakin “Time” jurnalının redaksiyası belə bir material dərc etmədikləri barədə bəyanat yayıb.

Mina Çanqın saxtakarlıqları bununla bitməyib. O, həmçinin BMT-in PUA-larla əlaqədar problemlər ilə məşğul olan hansısa komissiyasında da işlədiyini söyləyib. Lakin onun BMT-də çalışmadığı, sadəcə bu sahəyə həsr olunan konfranslarda iştirak etdiyi məlum olub.

Üstəlik o, Harvard universitetinin Biznes məktəbini də bitirdiyini iddia edib. Halbuki onun həmin məktəbdə sadəcə 7 həftəlik xüsusi kurslara qatıldığı ortaya çıxıb.

Telekanal bu hadisəyə görə Tramp administrasiyasını tənqid etməyi unutmayıb. Kanal şərhçilərinin fikrincə, Ağ Ev administrasiyası yeni əməkdaşların qəbulu zamanı onları diqqətlə yoxlamır. Üstəlik Mina Çanqın dövlət katibi Maykl Pompeoya yaxın bir şəxsin köməyi ilə işə düzəldiyi aşkar edilib.

 

Gununsesi.org