ABŞ-da “sovetlərsayağı” prezident seçkisi: FOTO

  • By admin
  • 11 May 2016 10:58

dugunu

Son illər dünya nizamı əvvəlki təkqütblülüyünü itirsə də, ABŞ qlobal siyasətlərin müəyyənləşməsində hələ də aparıcı rol oynayır, xalqların, dövlətlərin taleyinə imza atır. Bu səbəbdən həmin ölkədə keçiriləcək prezident seçkilərinin nəticəsi təkcə ABŞ vətəndaşlarını deyil, həm də bütün dünyanı ciddi şəkildə maraqlandırır.

Növbəti prezidentlik müddətində super gücə kim rəhbərlik edəcək? Onun yürüdücəyi siyasət necə olacaq? Demək olar ki, hər kəsi düşündürən bu sualların cavabı tədricən aydınlaşmaq üzrədir.

Bəzi müşahidəçilər seçkilərə xeyli zaman qalmasına baxmayaraq, nəticələr barədə indidən bir sıra mülahizələr yürüdürlər. Ən maraqlı ehtimal isə gözlənilən prezident seçkilərinin hər zamankından fərqli olaraq, real alternativli yarış xarakteri daşımaması, bir növ, post-sovet məkanlarında sınaqdan çıxarılmış metodlara bənzər şəkildə əsil alternativin qarşısına saxta namizəd çıxarılması ilə bağlı irəli sürülən fikirlərdir. Mülahizəyə görə, prezidentlik yarışına qatılacaq saxta iddiaçı indidən hazırdır və bu, respublikaçı namizəd Donald Trampdır.

Donald Trump, 'Yılın Yalanı' ödülünü kazandı

Tramp hər kəs tərəfindən birmənalı qarşılanmayan populist çıxışılarıyla tərəfdar toplayıb respublikaçı namizəd ünvanına layiq görülsə də, bu addımın ona prezidentlik kürsüsü bəxş edəcəyinə güman azdır. Nədən ki, amerikalıların əksəriyyəti Trampın verdiyi vədlərin ya həyata keçirilməsi mümkün olmayan, ya da ölkəni dünyadan təcrid edəcək iddialardan ibarət olduğunun fərqindədir və böyük ehtimalla da, qarşı tərəfə səs verəcəklər. Prinsipcə, namizədin özü belə, dediklərinə inanacaq qədər sadəlövh deyil. Bildirilir ki, jurnalistlərlə özəl söhbətində Tramp onlara fikirlərini çox ciddiyə almamalarını tövsiyə edib.

Seçkilərin digər alternativinin isə, böyük ehtimalla, adını tarixə ABŞ-ın ilk qadın prezidenti yaza biləcək Hillari Klinton olacağı gözlənilir. İddialara əsasən, Hillari Klintonun qarşısına Donald Trampın çıxarılması təsadüfi deyil. ABŞ siyasi ənənəsində qadın prezident olmadığından, yeni bir ilkə imza atmaq istəyən ölkənin qərarvericiləri Hillari xanıma prosesi rahatlıqla udmaq üçün asan loxma hazırlayıblar.

Elədirsə, sual ortaya çıxır: malı-mülkü milyardlarla dollarla hesablanan, heç bir maddi sıxıntısı olmayan Donald Tramp niyə bu seçki tamaşasının uduzan qəhrəmanı rolunu oynamaqla razılaşıb?

Namizəd haqqında irəli sürülən bir sıra iddialar bu suala işıq tutur. İddialara görə, hazırda Klintonla prezidentlik yarışına girən Tramp əslində ona yad adam deyil. Klinton və Tramp ailələri arasında çox ciddi yaxınlıqlar var.

İki ailə arasında yaxınlıq ilk dəfə 11 il əvvəl – 2005-ci ildə Donald Trampla model Melania Knaussun toyunda Hillari Klintonun iştirak etməsiylə ortaya çıxıb. Hətta onlar bir-birlərinə rəqib olanda, bu fakt jurnalistlərin də yadına düşüb, onların zəhlətökən sualları qarşısında qalan Hillari xanım “əyləncəli olacağını düşünüb, toyda iştirak etmişdim” deyib. Donald Tramp isə eyni suala daha inandırıcı arqumentlə cavab verib: “Başqa çarəsi yox idi. Çağırdım, gəldi, çünki onu mən maliyyələşdirirəm”.

Klinton və Tramp ailələri arasında yaxınlıq bununla da məhdudlaşmır. Məlumata görə, Klintonun qızı Çelsi ilə Trampın qızı İvana iki yaxın rəfiqədirlər.

Donald Trampın Klinton ailəsinə həm maddi, həm siyasi yardım etdiyi barədə mülahizələr ABŞ-ın siyasi və ictimai dairələrinə də inandırıcı görülüb. Respublikaçı namizədlərdən Carli Fiorina bu cür düşünənlərdəndir. O, twetter səhifəsində fikirlərini obrazlı şəkildə ifadə edərək deyib: “Donald Tramp Hilllari Klinton üçün ağac altına buraxılmış bir yeni il hədiyyəsidir”.

Siyasətçi Rand Paul isə öz çıxışlarının birində Trampın Hillari Klintona çalışdığı üçün əmlak zəngini olduğunu iddia edib.

Bir başqa iddiaya görə, Trampın əslində prezident olmaq niyyəti yoxdur, o, sadəcə Klintona kömək edir. Trampın məqsədi isə Klintonun prezidentliyi dövründə dövlət gücünü arxasına alıb sərvətinə sərvət qatmaqdır.

Əgər bu ehtimallar doğrudursa, Klinton-Tramp ittifaqının ilkin qələbəsini qazandığını söyləmək olar. Maraqlıdır ki, demokratların bu həlledici qolunu (avtoqol) respublikaçı namizəd atıb. Hillari Klintona isə matçı qazanmaq üçün komandasının əsas heyətində meydana çıxmaq qalıb.