AŞ PA həmməruzəçiləri fürsətçi mövqe tutublar - AZAY QULİYEV TOFİQ YAQUBLUNUN HƏBSİNƏ VERİLƏN REAKSİYALARDAN DANIŞIR

  • By admin
  • 27 Mart 2020 15:33

Tanınmış müxalifət funksioneri Tofiq Yaqublunun həbsi beynəlxalq ictimaiyyətdə böyük rezonansa səbəb olub.

Gununsesi.org-un xəbərinə görə, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycan hakimiyyətini sərt tənqid edən bəyanat səsləndiriblər. Onlar bildirib ki, Azərbaycan höküməti dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Tofiq Yaqublunun həbsi ilə ölkədəki müxalifəti təcrid etməyə yönəlik bir siyasət yürütdüyünü nümayiş etdirib.
 Həmməruzəçilər, həmçinin ölkə başçısının Novruz bayramı nitqindəki bəyanatını da tənqid ediblər.
Tofiq Yaqublunun həbsinə etirazın ifadə olunduğu daha bir bəyanat ABŞ Konqresmenlərindən də gəlib.
Bəyanatlarda iddia olunur ki, Azərbaycanda repressiyaların yeni dalğasına start verilib.
 
Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev  Gununsesi.or-a müsahibəsində bu barədə iddialara cavab verib.
– Azay müəllim, AŞ PA rəsmilərinin hakimiyyətin ünvanına olduqca ittiham xarakterli bəyanatları yayılıb. İddia olunur ki, Azərbaycanda repressiyaların yeni dalğasına start verilib. Bu iddianı qəbul edirsinizmi?
– Mən bu bəyanatı oxudum. Sözün əsl mənasında təəccübləndim.  Avropa Şurasının təmsilçiləri və həmməruzəçiləri doğrudan da  fürsətçi bir mövqe tutublar. Belə bir pandemiyanın hökm sürdüyü, bütün dünya ölkələrinin kifayət qədər məhdudlaşdırıcı addımlar atdığı və fövqəladə vəziyyət elan etdiyi bir vaxtda bu ölkələr arasından yalnız Azərbaycanı seçərək, bu tədbirlərin və məhdudiyyətlərin müxalifətə yönəldiyi haqqında cəfəng və ikrah hissi doğuracaq açıqlamalar səsləndirirlər.
–  Amma həmin ölkələrdən fərqli olaraq, ortada Tofiq Yaqublunun həbs faktı var…
– Mən həmişə bir həqiqətə inanmışam ki, istənilən məsələdə hüquq pozuntusu varsa, ona ədalətli və hüquqi qiymət verilməlidir. Bu gün Tofiq Yaqublu ilə bağlı məsələ istintaq altındadır, bu istiqamətdə araşdırmalar gedir. Bununla bağlı konkret tərəflərin mövqeyi və mətbuata verdiyi açıqlama var. Mən bununla tanış olmuşam. Bu məsələdə hüquqi müstəvi araşdırılmadan, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan öncədən hər hansı şərh vermək və siyasətlə məşğul olur deyə, onun toxunulmazlığı olmalıdır bəyanatını vermək ən azı yolverilməzdir.
–  Bu həbsin qurama olduğunu Amerika konqressmenləri də bəyan edib…
– Mən sizə səmimi deyim, hər hansı siyasi fəaliyyəti həmin qurumlar tərəfindən maraq doğuran və ya fəaliyyəti həmin qurumların maraqlarına xidmət edən şəxs sabah koronavirusun kütləvi şəkildə yayılması ilə bağlı karantin rejimini pozacaq hərəkətlərə yol verdiyinə görə məsuliyyətə cəlb olunsa, eyni mövqenin şahidi olacağıq.
Siz konqressmenlərin bəyanatını xatırlatdınız, Amerikada konqressmenlər orada oturub, necə müəyyən edirlər ki, filankəs günahkardır və ya günahsızdır?
Belə anlaşılır ki, yuxarıda dediyim kimi ölkədəki karantin rejiminin pozulmasına görə hansısa siyasi fəal məsuliyyətə çəkiləcəksə, ona da siyasi don geyindiriləcək.
 Halbuki, dünyanın əsas qayğısına çevrilən bu pandemiyanın yayılmaması üçün ən sərt tədbirlərin şahidiyik.
Ona görə də hesab edirəm ki, dövlətin belə bir təhülkənin qarşısını almaq üçün addımlar atması vacibdir.
Dövlət məcburdur ki, belə bir təhlükənin qarşısını almaq üçün addımlar atsın. Çünki, onlar üçün nə kütləvi epidemiya, pandemiya, nə də insanların təhlükəsizliyi önəm kəsb etmir. Onlar üçün önəm kəsb edən odur ki, hər fürsətdə Azərbaycana qarşı təzyiq etmək siyasəti var. Bu məqsədə çatmaq üçün onlar təəssüflər olsun ki, bu cür ağır şəraitdən istifadə edirlər. Ona görə də mən bu gün Avropa Şurasının bu bəyanatını fürsətçi bəyanat hesab edirəm. Hesab edirəm ki, indiki halda bütün dünyada  tüğyan edən koronavirusla bağlı mübarizəni bu istiqamətə yönəltmək yolverilməzdir. Düşünürəm ki, bu, sözün əsl mənasında ciddiyə alınmır. Heç bir ölkə və dövlət öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməməsi bahasına hər hansı fərqli qərarlar verə bilməz. Bu gün hər bir vətəndaş karantin rejiminə əməl etməlidir. Əgər karantin rejimindən kənarda da hər hansısa hüquqi bir hərəkətlər varsa, buna qiymət verilməlidir. Heç kimin toxunulmazlıq hüququ yoxdur. Bu, necə ola bilər axı? Doğurdan da Tofiq Yaqubluya, onun səsləndirdiyi fikirlərə qarşı hər hansısa ədalətsizlik varsa, bu məsələnin predmetini məhkəmə müəyyənləşdirməlidir. Mən şəxsən istəməzdim ki, kimsə həbsə düşsün. O cümlədən, Tofiq Yaqublunu da həbsdə görmək istəmirəm. Ancaq bu mənim istəyimdən asılı deyil. Beynəlxalq təşkilatların heç nə olmamış kimi, məsələnin fərqinə varmadan bu cür bəyanatlar səsləndirməsi hesab edirəm ki, doğru deyildir. Dediyim kimi, bu dariələr onların maraqlarına xidmət edən qüvvələri dəstəkləyirlər.
– Yeri gəlmişkən, ölkə başçısının 5-ci kalonla bağlı bəyanatını şərh edən həmməruzəçilər bunu qeyri-demokratik fikir kimi dəyərləndirib.
– Təəssüflər olsun ki, bəli, bu gün Azərbaycanda 5-ci kalon öz reallığını saxlamaqdadır.
AŞ PA həmməruzəçiləri bu bəyanatları ilə Azərbaycanda 5-ci kalon olduğunu etiraf etmiş oldular. Həm də özlərinin onların dəstəkçisi olduğunu da bəyan etdilər.
Cənab prezidentin də qeyd etdiyi kimi, 5-ci kalon heç bir halda Azərbaycanın milli maraqlarının qorunmasını istəmir.
 Onlarn nümayəndələrinin kimlər tərəfindən maliyyələşdirilib, dəstəkləndiyi bizə bəllidir. Təəssüflər olsun ki, bir qrup siyasətlə məşğul olmaq istəyən şəxslər bu gün ölkənin bütün təşəbbüslərinin üzərindən xətt çəkməyə, hətta dövlət başçısı tərəfindən siyasi partiyalara yönəlik dialoq təşəbbüsünü belə qəbul etməmək üçün səylər göstərir.  Sonra isə deyirlər ki, dövlət bizimlə niyə əməkdaşlıq etmir? Və yaxud da niyə dialoq aparmadı? Yəni dövlət başçısı səviyyəsində və hakim partiyanın sədri çərçivəsində dialoq təşəbbüsü ortadadır amma bunlar pozuculuq edirlər.
Əksər partiyalar görüşürlər və ölkədən olan istənilən məsələni müzakirə etməyə hazır olduqlarını və qanunvericilik çərçivəsində öz prinsiplərini qorumaq şərti ilə bu ümummilli məsələyə kömək etmək istəyirlər. Milli Şura, o cümlədən özünü partiya lideri adlandıran insan bütün bunların qarşısına almaq üçün əlindən gələni edir. Ona görə də bu sualları onlara da vermək lazımdır ki, niyə dialoqdan yayınırlar.
– Onlar deyirlər ki, dialoq üçün konkret mövzu olmalıdır: Siyasi məhbuslar məsələsi, seçki islahatları. Hökümət bu mövzuların müzakirəsinə razıdırmı?
– Hökümətlə dialoq şərçivəsində istənilən məsələni qaldırmaq olar. Ancaq bunu qaldırmaq və hökümətin mövqeyini öyrənmək üçün birinci masa arxasında müzakirə və görüş lazımdır.
Bu gün bizim elə bir vaxtımızdır ki, bir müddət siyasi ambisiyaları və maraqları kənara qoyub ümumi həmrəylik sərgiləməliyik. İndi kimsə gedib, kiminsə maşını vurubsa və kiməsə qarşı nəsə törədilibsə, buna dövlət nə etməlidir? Deməlidir ki, biz buna toxunmayaq?
–  Azərbaycana qarşı təzyiqlərə bəhanə verməmək üçün onun barəsində ev dustaqlığı da seçmək olardı. Həbs vacib idimi? Azərbaycan Avrupa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanısa da həbs qətimkan halları çoxdur. Bu da konvensiyanın pozulması deməkdir.
– Qərarı məhkəmə verib. İndi 3 ay həbs qətimkan tədbiri seçilibdir. Ancaq müdafiə tərəfinin imkanaları var ki, bu məsələin məhkəmədə qaldırsın və həmin qərarın dəyişdirilməsinə nail olsun. Bu yalnız hüquqi müstəvidə mümkün ola bilər. Bunu siyasi müstəviyə gətirdikdə hüquq zədələnir. Biz hüququ siyasətlə qarşıdırmamalıyıq. Bu, indi belə çox dəb olubdur.
 Bu gün bir çox ölkələrdə fövqəladə vəziyyyət elan edilib. Bütün siyasi hüquqlar məhdudlaşdırılır. Bu, vətəndaşların sağlamlığı və qlobal epidemiyanın qarşısını almaq üçün vacibdir.
İndi biz sabah fövqəladə vəziyyət elan etsək, onlar dərhal dəyəcəklər ki, fövqəladə vəziyyət siyasi opponentlərin səsini kəsmək üçün edilir. Amma reallıq fərqlidir.
Pərviz Həşimli