Şah İsmayıla məktub – Ləman Ələşrəfqızı yazır…

  • By admin
  • 03 Mart 2020 11:36

Salam olsun adına, ey  Səfəvi hökmdarı.

Salamdan sonra bizimlə maraqlanmaq istəsən, biz param-parçayıq. Yəni millət olaraq, dövlət olaraq sənin qoyub getdiyin yerdə deyilik. O sən idin dövlətinin sərhədlərini Şeybani xanın özbək dövlətindən ta Osmanlıya qədər genişləndirmişdin. Əsrlər, qərinələr keçdi, sərhədlərimiz daraldı. İndi o doğma Ərdəbil, şahlıq taxtında oturduğun o gözəl Təbriz  bizim deyil. Ov ovladığın, quş quşladığın Qarabağ düzü və cümlə Dağlıq Qarabağ mahalı da 30 ildir ermənidədir. Yadıma Karl Marksın sənin haqqında dediyi fikirlər düşür: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi” yazırdı Karl Marks.

Sən o kişini  tanımazsan, şahım!  O 19-cu əsrin  alman filosofu, siyasətçisi, iqtisadçısı, yazıçısı idi.  Dünyaya sübut etmişdi ki, istənilən dövlət, həm müasir,  həm də qədim dövlətlər hər zaman böyük iqtisadi gücə sahib olan kapitalistlərin tərəfində olub və olacaqdır. Başqa sözlə, “dövlət rəsmiləri müxtəlif yollarla varlıları, iqtisadi gücləri qorumağa cəhd edir və onları dəstəkləyir” deyirdi. Kişi dediklərini əsaslandıra da bilmişdi.  Məsələn, Sənaye İnqilabından az əvvəl Qərbi Avropada kəndlilər əhalinin böyük əksəriyyətini təşkil edirmiş və təbii olaraq da  sənayeni üstələyirmiş.

Lakin 18-ci əsrin əvvəllərindən etibarən başlayan inqilabi kəşflər Sənaye İnqilabına səbəb oldu. Zəngin kapitalistlər böyük zavodlara, fabriklərə sahibləndilər. Amma bir ciddi problem var idi; işçi qüvvəsi çatışmazlığı. Bəs nə etməli? Aha, tapıldı! Kəndlini torpaqdan məhrum etmək!  Qəbul edilən yeni qanunlarla kəndlilərin torpaqları kapitalistlərə verildi. Bu, açıq-aşkar oğurluq idi və bunu  törədənlər dövlətlə əlbir işləyən  kapitalistlər idi. Onlara heç bir cəza kəsilmədi.

Əlbəttə, zamanının ən qüdrətli şahı kimi bu kimi məsələləri bilməmiş deyilsən. Mən sadəcə, Marksı sənə tanıtmaq üçün bu qədər dərinə getdim. O adamı ki, səni bizə həm də o tanıtmışdı. 14 ildə 14 əyalət fəth edən hökmdar kimi. Deyirəm sağ olsaydın, görəsən, itirdiklərimizi qaytara bilərdinmi?

 

 

Soruşa bilərsən ki, bu nə məktubdur mənə yazırsan? Heç nə. Bekarçılıqdan. Bilə-bilə ki, yazdıqlarıma heç dirilərdən  cavab gəlmir, amma yenə yazıram. Məhz Sənə məktub yazmaq isə ağlıma da gəlməzdi, şahım. Əgər Bakıdakı  heykəlinin yeri dəyişdirilməsəydi. Bəli, Bakı yadındadır. 1501-ci ilin baharında sən bizim bu gözəl şəhəri uzun çəkməyən mühasirədən sonra əldə etmiş, almışdın. Ona görə almışdın ki, həmin ilin payızında paytaxtı Təbriz olan  Səfəvilər  dövlətini yaradasan. Biz də bunu dəyərləndirib əsrlər sonra sənə Bakıda bir heykəl qoyduq. Nə at üstündə,  nə də qılıncın əlində. Qılıncın qınında, əlini başına qoyub qayğılı-qayğılı oturmusan. Sanki  yüz illərdir bu millətin dərdini çəkirmişsən kimi. Kim bilir? Bəlkə də çəkirsən. Amma bu millətin dərdi çəkməklə bitəndi ki?!..

Nə isə..  heykəlin iki magistral yolun ortasında qərarlaşdığı, bununla da tıxaca səbəb olması üzündən bu günlərdə götürülüb başqa bir uyğun yerə qoyuldu. Prinsipcə narahatlıq yoxdur, hətta dövlət başçısı özü də sənin  ziyarətinə gəlib, ətrafında təzə park da salınıb. Üstəgəl, mart ayıdır, ardınca aprel, may gəlir! Yəni, əsl sənin “Dəhnamə”ndəki mənzərədir. “Qış bitdi,  yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.”

Ümid edirəm ki, bu yerdəyişmədən narazı qalmamısan. Üstəgəl, ruh deyilən bir anlayış varsa, ruhun da bunu duyub. Əslində, bu məktubu da müqəddəs ruhunla söhbət say. Cavabın olarsa, lütfən yuxuma gəl. Mən yuxulara da, ruhlara da çox inanıram. Gəlsən, sənə çox mətləbləri yuxuda danışacam. Çünki aşkarda danışmaq olmur. Çuğullar düzü-dünyanı bürüyüb. Yaşamaq çətindir şahım, çox çətindir. Sən bu Ağqoyunlu törəmələrini hələ yaxşı tanımırsan. Onlar sənin dayın Uzun Həsənin soyundan bilmirəm nəyi əxz ediblər? Amma bu yaxınlarda iştirakçısı olduğum seçki oyunundan sonra anladım ki, Ağ olan heç nə! Halal olan heç nə! Hətta mən onlara halala haram qatmayın! – deyə sənin bizə miras qoyduğun dəyərləri də xatırlatdım. Necə deyirdin?

Sufi isən, alıb-satma,

Halalına haram qatma,

Yolun əyrisinə getmə,

Doğru yola nəzər eylə

Etmədilər, Şahım! Halala haram qatdılar! Bu haqda sənə başqa bir vaxt, başqa bir məktubumda yazaram. Amma sağollaşmadan qabaq bir sirr də açım sənə. Sənin anan, Ağqoyunlu hökmdarının qızı  Aləmşah bəyimin adını mən ilk dəfə bilirsən nə vaxt eşitmişdim? Lap balaca olanda. Kəndimizdə bir montyor vardı. Adı Aləmşah idi. Hər gün içkili, hər gün sərxoş. Hamı onu Alik çağırırdı… Sonradan Aləmşah Bəyim haqqında oxuyanda, sinəmdən az qala bir fəryad qopmuşdu: “Allahım, Aləmlərin şahı nə qadınlarımız olub bizim?! –  deyə. Allahım, biz hardan-hara gəldik?!- deyə.

Ləman Ələşrəfqızı xüsusi olaraq,

Gununsesi.org üçün