İradə Cavadovanın şəkillərini lövhələrdən kim cırır? – Deputatlığa namizəd qanunsuzluqla üzləşib

  • By admin
  • 06 Fevral 2020 15:13

25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini müstəqil irəli sürmüş vəkil İradə Cavadova seçki kampaniyası zamanı xoşagəlməz pozuntularla üzləşib.

Gununsesi.org-a danışan İradə Cavadova qeyd edib ki, bu gün komandası ilə birlikdə 10 nömrəli məktəbdə(1,2,3,4) və 129 nömrəli məktəbdə(8-9-10-cu) yerləşən məntəqələrdə olublar. O qeyd edib ki, hər bir məktəbdə məntəqələrdən yalnızca birində veb-kameralar var. Digərlərində yoxdur. Daha sonra namizəd bunları deyib:

“Müşahidəçilərin oturması üçün ayrılan yerlər seçki qutusuna nəzarət etmək üçün münasib deyil. Uzaqdır deyə, gözdən yayınma halları üçün fürsətə açıqdır. Digər tərəfdən, qutulara topa-topa bulleten atmaq üçün çox rahatdır”.

Namizəd daha sonra əlavə edib ki, 10 saylı məktəbdə məntəqələrin birinə baş çəkdikləri zaman həmin yerdə 19 saylı poliklinikanın tibb işçiləri toplu  halda orada oturdulmuşdular.

“Məntəqələrin birində direktorun köməkçisi Səmədova Nailədən xahiş etdim ki, kənara dursunlar, məntəqənin görünüşünü telefonla çəkmək istədim. Çox ləng tərpənirdilər və məntəqələri gəzməyimizdən narahat idilər. Mən çəkiliş edərkən xanım da mənim şəkillərimi çəkməyə başladı. Mən xanıma iradımı bildirdim ki, siz mənim şəklimi nəyə görə çəkirsiniz? O da çox aqressiv şəkildə “Siz də mənim şəklimi çəkirsiniz”, – deyə cavablandırdı. Halbuki mən xanımın şəklini çəkmirdim. Digər tərəfdən, o məntəqənin sədri idi və mənim onun şəklini çəkməyə ixtiyarım da vardı”.

 

Xanım namizəd müşahidəçilərin oturması üçün ayrılan parta və oturacaqların da çox kiçik və alçaq olmasından gileylənib.

“Müşahidəçilərə 1-ci sinif şagirdləri üçün olan alçaq partalardan qoyublar. Yəni müşahidəçilərin sabah tezdən saat 07:00-dan axşam saat 22:00-a qədər həmin kiçik stulda otura bilməsi qeyri-mümkündür. Narahat yerlərdir. Mən  buna iradımı bildirərkən həm dedilər ki, “Olanımız budur”, həm də sonra dəyişdirəcəklərini dedilər. Digər tərəfdən məktəblərə giriş 1 dənədir, çıxış isə 3. Mən hesab edirəm ki, bu, karusel üçün gözəl bir şəraitdir.

 

 

 

İradə Cavadova onu da bildirdi ki, dairənin tərkibində olan bütün məntəqələri gəzib. Məlum olub ki, onun təşviqat şəkillərinin hamısı cırılıb. Vəkil namizəd bildirdi ki, məntəqə sədrləri bunu “küləyin aparması” ilə izah ediblər.

“Ancaq maraqlıdır ki, külək nədənsə digər namizədlərin şəkillərini deyil, bütün məntəqələrdən mənim şəkillərimi cırıb-qopardıb.

 

Qeyd edək ki, vəkil İradə Cavadovanın hakim partiyadan olan rəqibi Sədaqət Vəliyevadır.

Arzu

Gununsesi.org