Əli Məsimli seçicilərinə: Şəkinin inkişaf proqramı hazırlanacaq

  • By admin
  • 02 Fevral 2020 11:04

Yanvar ayının 31-də 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşlərini günün birinici yarısında rayonun Babaratma, Qaradağlı və Qudula kəndlərində, günün ikinci yarısında isə Şorsu kəndində keçirib.

Görüşdə seçicilərlə yanaşı, deputatlığa namizədin vəkilləri – Pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, dosent Qüdurət Bəkirov və Fransa Milli Müqavimət hərəkatının əfsanəvi nümayəndələrindən biri, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılıov, seçki qəragahının üzvləri, könüllülər iştirak eiblər.

Görüşü açıq elan edən deputatlığa namizədin vəkili, professor Firədun İbrahimov Əli Məsimlinin kimliyi və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Daha sonra deputatlığa namizəd Əli Məsimli Milli Məclisdəki 4 illik fəaliyyəti barədə seçicilərə hesabat verdikdən sonra, seçkiqabağı platforması, ona yenidən etimad göstəriləcəyi təqdirdə Milli Məclisdəki fəaliyyətidən danışıb.

Deputatlığa namizəd çıxışında bildirib:

“Biz 114-cü dairənin və ümumiyyətlə Şəkinin problemlərini öyrənəndən sonra, buna əlavə olaraq həm də sosioloji sorğular da keçirdik. Bu əsasda Şəkinin 2016-2020-ci illər üzrə inkişaf proqramını yenidən işləyib 26 əsas problem üzrə Nazirlər Kabinetinə və digər aidiyyatı orqanlara müraciət etdik. Müraciətdə öz əksini tapan məsələlərin bir hissəsi dövlət investisiya layihələrinə salındı və həll olundu. Amma həllini gözləyən məsələlər də çoxdur. Etimad göstəriləcəyi təqdirdə təkcə 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə məhdudlaşmadan bütövlükdə Şəki rayonunun aktual problemləri bu dəfə də Şəkinin 2021-2025-ci illər üzrə inkişaf proqramında öz əksini tapacaq və bu problemləri sistemləşdirib yenə də aidiyyatı orqanlara göndərəcək və reallaşdırılması istiqamətində səy göstərəcəyik”.

Görüşlərdə seçicilər Əyriçay su anbarı ilə bağlı Babaratma kəndində yaranmış acınacaqlı vəziyyətdən danışıb, həmçinin Qudula kənd tam orta məktəbi üçün yeni binanın inşa edilməsi, Şorsu kəndində artezian quyularının qazılması, əkin sahələrinin suvarma suyu ilə təchizi və sair problemləri qaldırıblar.

Sonra Əli Məsimli seçicilərin çoxsaylı suallarına cavablandırıb. Deputatlığa namizəd deyib ki, islahatlar və sosial sahədə atılan addımlar növbəti ildə də davam etdiriləcəkdir: “İslahatların davamı həm də sizin qaldırdığınız məslələrin həllinin sürətləndirilməsinə təkan verəcək”.

Deputatlığa namizəd fevral ayının 9-da seçiciləri fəal olmağa, hamılıqla seçki məntəqələrinə gedərək qəlblərinin səsinə uyğun olaraq istədikləri namizədə səs verməyə, bunula belə, seçki kampaniyasının gedişində insanlara yalan vədlər verən namizədlərə inanmamağa çağırıb.

Çıxış edən seçicilər öz növbəsində namizədə uğurlar arzulayıb və onun parlamentdəki fəaliyyətini və Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək dəyərləndirərək onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildiriblər.

 

Gununsesi.org