Ədliyyə Nazirliyindəki xidmət “STOP” problemini həll etmədi - Minlərlə vətəndaşı hakimiyyətdən incik salanlar kimlərdir?

  • By admin
  • 26 Oktyabr 2016 16:19

bundestanq

Beynəlxalq Bank”la bağlı qalmaqal təzə ortaya çıxanda ölkədə tuthatut başlandı. O günlərdə yüzlərlə adam harda ələ keçirdisə, saxlayaraq polisə aparırdılar. O vaxtkı tuthatutdan sonra Azərbaycanda demək olar ki, üzdə olan şəxslərə ucdantutma “STOP” qoyma prosesi başladıldı.

Gununsesi.info-nun əldə etdiyi  xəbərə görə, hazırda  on minlərlə vətəndaşın ölkədən çıxışına “STOP” qoyulub. Maraqlısı və  təəccüblüsü də odur ki, həmin şəxslərin bir hissəsi ona qarşı bu qadağanın nə vaxt, niyə və konkret hansı dövlət qurumu tərəfindən qoyulmasından xəbərsizdirlər.  Belələri yalnız ölkəni tərk edərkən  sərhəddi  keçmək istəyəndə adının qarşısında “STOP” qoyulması haqda xəbər tutur lakin üzləşdiyi bu probleminə çarə tapa bilməyərək, nə edəcəyini bilmir. Əslində,  vətəndaşların  ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə bilmələri üçün Ədliyyə Nazirliyində elektron xidmət fəaliyyət göstərir. Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır. Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə bilirlər. Həqiqətən, Ədliyyə Nazirliyindəki bu pulsuz xidmət ora müraciət edən hər kəsə şəxsin  ölkədən xaricə çıxışına qadağa qoyulub-qoyulmadığı haqdaasanlıqla məlumat əldə edir. Lakin  bu xidmət vasitəsiylə ölkədən çıxışına  qadağa qoyulmadığınıdəqiqləşdirib, əmin olduqdan sonra  arxayın biletini alıb sərhəd xidmətindən geri qaytarıldıqda  aləm bir-birinə dəyir. Çünki dincəlməyə gedən şəxs  başqa ölkədə əvvəlcədən oteldə   qalacağı müddət üçün yer sifariş edir. Bəlli olur ki, Ədliyyə Nazirliyinin  sözügedən xidmətindən aldığı müsbət cavabın tam əksi ilə qarşılaşıb. Verilən  cavab izahsız və konkret olur: “Sizin ölkədən çıxışınıza “STOP” qoyulub!” vəssəlam.  Biletə ödədiyi pulunu ala bilməyən həmin şəxs araşdıranda məlum olur ki, ona ya Respublika Prokurorluğunda, ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, ya da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “STOP” qoyulub. Vətəndaşların üzləşdiyi bu qeyri-müəyyənlik onları dövlətdən incik salır.  Maraqlıdır ki, Ədliyyə Nazirliyinin bu xidmətindən vətəndaşın ölkədən çıxışına “STOP” qoyulub-qoyulmadığını dəqiqləşdirə bilirsən, lakin bununla bağlı heç bir sənəd ala bilmirsən. Bu özü də problem yaradır. Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanlarla bağlı vaxtaşırı məlumat yayır. Ancaq digər qurumların heç biri indiyədək nə qədər vətəndaşa, nəyə görə “STOP” qoyulduğunu açıqlamır. Bu indi vətəndaşlar üçün yaradılan ən böyük problemlərdən biridir. Ədliyyə Nazirliyindən başqa heç bir dövlət qurumunda isə bu problemlə üzləşənlərin müraciət edə biləcəkləri ayrıca xidmət masası  yoxdur. Ümumiyyətlə, məhkəmə qərarı olmadan Dövlət Sərhəd Xidməti vətəndaşın olkədən xaricə çıxışına imkan verməyə bilərmi? Üstəlik, həmin xidmət yalnız müvafiq dövlət qurumlarının “STOP” qoyduğunu bildirməklə kifayətlənir. Bu cür qadağa isə on minlərlə vətəndaşı haqlı olaraq iqtidardan narazı salır. Belə qadağa ilə üzləşənlərin bir çoxu dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq, problemin həllinə nail ola bilmirlər. Hətta ölkənin sayılıb-seçilən Qeyri-Hökumət Təşkilatlarının bu məsələyə müdaxiləsi nəticə verməyib. Azərbaycan vətəndaşlarının ölkədən çıxışına qoyulan qadağa əsasən vergi və banklardan götürülən kreditlə bağlı borcların ödənilməməsinə görə tətbiq olunur. Qeyd etdik ki, Vergilər Nazirliyi vaxtaşırı borclularla bağlı məlumat yayır. Banklara gəldikdə, onların hər biri kredit götürənin kimliyini, ona zamin  duranları və  şəxslərin konkret ünvanlarını da bilir. Deməli, bu problem bankla vətəndaş arasında yaranır. Banklara külli miqdarda kredit borcu olanlar da bəllidir, onlara hətta cinayət işləri də açılıb, hətta buna görə, çoxlu sayda adam buna görə həbs edilib. Lakin heç bir sənəddə borcu olmadığı halda çox sayda vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, qeyd etdiyimiz kimi, süni narazılıq yaratmaqdan başqa bir şey deyil. Bu, hazırda vətəndaşın  çox ciddi probleminə çevrilib, həll olunması üçün isə müvafiq qurumlar tərəfindən heç bir ciddi addımlar atılmır.

Gununsesi.info