“Ədalət mühakiməsi yoxdur” - KÖÇƏRYAN HƏBSXANADAN BƏYANAT VERDİ

  • By admin
  • 05 Noyabr 2019 20:50

Ermənistanın sabiq prezidenti Robert Köçəryan noyabrın 5-i paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə keçirilən prosesdə çıxış edib.

 Guunsesi.org-un məlumatına görə, Robert Köçəryan həbsdə saxlanmasına heç bir hüquqi əsas olmadığını vurğulayıb: “Dəmir barmaqlıqlar arasına salınmağım mənə qarşı yönələn proseslərin nəticəsidir. Ölkədə baş verən hər şeyin günahkarı elan olunmuşam.

Digər tərəfdən məhkəmə sistemi ətrafında baş verənlər göz önündədir. Mən hakimlərin nə qədər ağır vəziyyətlə üzləşdiyini başa düşürəm. Tərəzinin bir gözünə vicdan və professionallıq, digər gözünə hakimlərin prokurorluq və güc strukturları qarşısında zəifliyi qoyulub. Hakimlər var, məhkəmə binaları da var, ədalət mühakiməsi isə yoxdur”.

Robert Köçəryanın vəkilləri onun pul girovu müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıblar. Vəsatətə noyabrın 7-də baxılacaq.

1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət Dağlıq Qarabağ bölgəsində doğulmuş, işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə qarabağlıların hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.

Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.

Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirərək sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.

2019-cu il mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə Robert Köçəryan və başqalarının işi üzrə proses başlayıb. Mayın 18-də Avan və Nor Nork məhkəməsi pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxıb.

İyunun 25-də Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Robert Köçəryanın azadlığa buraxılması qərarından şikayətini təmin edib, Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin qərarı ləğv olunub, Robert Köçəryan yenidən tutulub.

Sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesinə start verilib.

Robert Köçəryan bir müddət “İzmirlyan” Tibb Mərkəzində müalicə olunub, oktyabrın 9-u orada xoşxassəli şişdən əməliyyat olunub.