Ən yaxşısını, ən alisini necə əldə edək?

Ən yaxşısını, ən alisini necə əldə edək?

Bismilləhir-Rahmənir-Rahim!

“Əyyami-Fatimiyyə (s.ə)” günlərini yaşamaqdayıq. Bu günləri yaşamaq, anmaq zamanımızda xüsusən önəmli və əhəmiyyətlidir.

 

Xanım Zəhra (s.ə)…

İstər aləmlər üçün rəhmət olaraq göndərilmiş və yaranışın fəlsəfəsi olan bir mehriban atasının və izzət, alicənablıq rəmzi olan anasının hüzurunda ikən, istərsə Əmirəlmöminin Həzrət Əli (ə) kimi kamil insanın yoldaşlığını edərkən, istər Həsən (ə) kimi helm və səbir çeşməsini, Hüseyn (ə) kimi Aşura qəhramanını tərbiyələndirərkən və istərsə də Zeynəb (s.ə) kimi zalımlar sarayını öz gözəllik görən nurani və işıqlı baxışları ilə titrədən, atasının bir zinəti olan Aqiləyə (s.ə) müsəlman xanım nümunəsi estafetini ötürərkən – Həzrət Fatimeyi-Zəhranın (s.ə) dəyərlı və mübarək vücudu hər mənada canlı bir ibrət və dərsdir.

 

Belə bir insanın şəhadət əyyamında yaşayırıq…

 

 

Peyğəmbərdən (s) sonra ümmətin tənəzzülünün əsas səbəbi

Bu əyyamı yaşatmaq ona görə əhəmiyyətlidir ki, bu gün insanlıq, bəşəriyyətin laqeydlik adında böyük bir müsibət, bəla yaşayır. O da özü-özünə meydana gəlmir. İnsanlar qəflət nəticəsində bu vəziyyətə düşür. Qəflət edəndən sonra, fərqinə varmayandan, diqqət etməyəndən sonra, öz halını boş buraxmağın nəticəsində insanlar ağrılı vəziyyətlərə gəlib düşə bilir.

 

Əyyamı yaşatmaq, anmaq bu baxımdan önəmlidir ki, biz bir mühüm, ağrılı gerçəkliyin fərqinə varaq. O da bundan ibarətdir ki, bir toplum, bir cəmiyyət ki, Peyğəmbərimiz (s) öz zəhməti ilə yetişdirmişdi, özü tərbiyə etmişdi – bu cəmiyyətin nə qədər tənəzzülə uğradığını görə bilək.

Bu toplumun insanları İlahi vəhyin nazil olması müddətində bu nazilolmanın canlı şahidləri olmuşdurlar. Onlar Məkkə, Mədinə dövrlərini görmüşdülər, Bədr, Ühüd, Xeybər döyüşlərinin iştirakçıları olmuşdular. Bunlar daha nə görməli idilər?

 

Amma, bu əyyamın baş vermə trayektoriyasına nəzər salsaq, Xanımın (s.ə) şəhadət günlərinin baş vermə səbəblərinə nəzər salsaq, görəcəyik ki, həmin o toplum haradan haraya tənəzzül edə bilir.

 

Bunun ilkin işartıları əziz Peyğəmbərin (s) vəfat dövrü yaxınlaşanda hiss olunurdu. İllərlə fədakarlıq etmiş, isar etmiş, Allah yolunda can qoymuş, Allahın razılığını axtaran insanlar var. Amma bunlarla yanaşı, bu toplumun, bu ümmətin içərisində yeni bir ab-havaya düşmüş insanlar, yeni tendensiyalar meydana çıxır. “Peyğəmbərdən (s) sonra nə olacaq?” mövzuları bunları daha çox narahat edir.

Buradan başa düşülür ki, ümmətin içərisində artıq o zamandan bəri biriləri üçün qəflət yer alır. Bir halda ki, əziz Rəsuli-Əkrəm (s) – Allahın Elçisidir, bir halda ki, bu dini bəşəriyyət üçün məhz o Həzrət (s) gətirib, bir halda ki, bütün bu məsələlərə zamin Uca Allahın Özüdür – belə olan təqdirdə “nə olacaq?” barədə düşünmək insanlara aid ola bilərmi?

 

Amma, mövzuya başqa cür baxanda, öz etdiklərini yada salanda və bunların müqabilində nəticələrin necə olacağı narahatçılığına varanda, vəziyyət dəyişir. O zaman vəziyyət bu yerə gəlib çatır ki, Peyğəmbər (s) hələ sağ ikən onun buyuruşlarına, göstərişlərinə lazımi qədər diqqət ayrılmır.

Artıq biriləri “nə olacaq?” bəhanəsi ilə özləri yeni həndəsəni qurmağa, mənəvi bir İlahi xilafətin sıradan bir səltənətə, sultanlığa çevrilməsinə hazırlıq görməyə başlayırlar.

 

 

Fərdlərin qəfləti toplumların böyük cinayətlərinə yol açır

Nəticə bu olur ki, Peyğəmbərimizin (s) vəfatından sonrakı dönəmdə Xanım Zəhranın (s.ə) böyük müsibətləri başlayır. İstər Fədək müsibəti, istər Xanımın (s.ə) vilayət mövzusunda göstərdiyi ardıcıl mübarizə – çox ciddi öyrənilməli mövzulardır. Belə başa düşülür ki, toplum laqeydlik mərəzinə tutulan zaman çox şeyləri unudur. O qədər irəli gedə bilir ki, o qədər tənəzzülə uğrayır ki, Peyğəmbərin (s.ə) gözünün işığına, sevilməsi vacib buyurulan Əhli-Beytin (ə) ən parlaq bir nümunəsinə, əziz İmamların (ə) anası olan bir şəxsə qarşı cəsarət edirlər. Nəticədə böyük cinayətlər baş verir və şəhadət anlarına qədər müsibətlər yaşanır.

 

Bu mənada bizim əslində günümüz üçün də götürə biləcəyimiz ən böyük ibrətlərdən biri budur ki, qəflət – ən böyük mərəzdir. Qəflətin gətirib çıxartdığı ağrılı nəticələr də var və bunlardan ən barizi – laqeydlik, təfavütsüzlük, baş verənlərə kor olmaq və olanları görməməkdir. Nəticədə insan öz üzərinə düşən elementar mükəlləfiyyət və vəzifələri də həyata keçirmir.

 

 

Xanımın (s.ə) böyük fəzilətinin cəmləndiyi bir cümlə

Xanımın (s.ə) məqamı, dəyəri, fəzilətləri ilə bağlı Rəhmətlik İmamın (r.ə) buyurduğu nurani cümlə, çox dərin anlayış yaradır. İmam (r.ə) buyurur: “Əgər Həzrət Zəhra (s.ə) xanım olmasaydı, mümkün olmazdı”. Yəni, Xanım Fatimeyi-Zəhra (s.ə) kamillik baxımından o zirvədə idi ki, əgər kişi olsaydı, İlahi peyğəmbər olmalı idi. Bu mənada əgər xanım olmasaydı, mümkünsüz olardı, çünki, Rəsuli-Əkrəm (s) – peyğəmbərlərin (ə) axırıncısı idi və ondan sonra İlahi elçilər olmayacaq.

 

Xanım (s.ə) bizim üçün günümüzdə nümunədir. İntizarında olduğumuz Zəmanə Sahibi (ə.f) buyurur: “Allahın Rəsulunun (s) qızı Həzrət Fatimeyi-Zəhra (s.ə) – mənim üçün ən gözəl nümunədir”. Həzrət Fatimə (s.ə) bizim intizarında olduğumuz Mövlanın (ə.f) özü üçün hər mənada nümunə bildiyi şəxsdir.

 

Bu gün dünyada ən çox istismar olunan mövzulardan biri – qadın mövzusudur. Qadının xanımlığını, qadınlığını aradan aparırlar. Guya cahiliyyə dövründə qadınlara qarşı olan münasibəti pisləyərək, guya qadın hüquqlarından danışaraq, əməldə isə görürük ki, qadınları əslində müasir cahiliyyə dövrünün istismar ünvanı qərar verirlər. Bu əyyamın yaşadılması həm də bu baxımdan önəmlidir ki, İslamın qadına verdiyi həqiqi dəyər, həqiqi qiyməti çatdırmış olaq.

 

Mübarək İslami mətnlərdə Xanım Fatimeyi-Zəhra (s.ə) ilə bağlı təqribən yüz otuz beş ləqəbi, iyirmiyə yaxın adı və iyirmiyə yaxın künyəsi gəlib. Əgər ümumiləşdirsək, deyə bilərik ki, İslami mətnlərdə Xanım Zəhra (s.ə) ilə bağlı 170-175 arası adları və müraciət ünvanları gəlib. Zəmanə Sahibi (ə.f) ilə bağlı da mərhum Mühəddis Nuri cənabları öz tədqiqat kitablarında təqribən Mövlanın (ə.f) yüz səksən ad və müraciət ünvanını qeyd edib. Hər bir ad da Mövlanı (ə.f) tanımaq üçün yaxşı bir vasitədir.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək ad və müraciət ünvanları içərisində doqquzu daha məşhurdur. Onlardan kifayət qədəri də şükürlər olsun ki, bizim toplumda da yayılıb, insanlar öz qız övladlarına bu adları verirlər. Bunlar: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Zəhra və Mühəddəsə adlarıdır.

Allah Təala bizlərə Xanımın (s.ə) bu adlarının mahiyyətini tanımağı nəsib etsin!

 

 

Əgər ixlası həyatımıza gətirə bilsək…

Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərində bu əziz şəxsiyyətlə bağlı bir neçə məqama toxunmaq yerinə düşər. Təbərrük üçün Xanımın (s.ə) həyatımızda birbaşa faydası ola biləcək praktik tövsiyələri cəmlənən buyuruşlarına diqqət etmək yerinə düşər. Hər bir fərdi, hər birimizi düşündürən, hər birimiz üçün lazım olan mövzudur ki, biz nə edək ki, ən məsləhətli, ən uyğun hal bizə aid olsun. Nə edək ki, Allah Təala bizim üçün ən yaxşısını, ən alisini nəsib etsin?

 

Biz bilmirik ki, bizim üçün ən yaxşısı, ən xeyirlisi, həqiqətdə ən məsləhətlisi nədir? Eyni zamanda bunu necə əldə edək? İnsanın onun üçün həqiqətən faydalı olanı anlaması elə də asan məsələ deyil. Biz prosesin içərisindəyik və özümüzü hər tərəfdən, hər baxımdan müşahidə edə bilmirik. Hansı imkanlarımız, fürsətlərimiz var, nələr bizim üçün daha önəmlidir, Allah qatında hansı mövzular bizim üçün daha xeyirlidir?

Bəli, ağlımızla, şüurumuzla, Allahın inayəti ilə bir çox mövzulara gedib çata bilirik. Amma, dualarımızda gələn ən mühüm mövzu bu olur ki, Allahdan bizim üçün ən xeyirlisinin, ən alisinin, ən məsləhətlisinin nəsib edilməsini istəyirik.

Xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Hər kim ki, özünün ixlasla həyata keçirtdiyi ibadətlərini Allaha tərəf göndərsə, Allah Təala da ona tərəf onun üçün ən faydalısını, ən məsləhətlisini nəsib edər”.

Deməli, ikitərəfli bir vəziyyətdir. Bir tərəfdən biz əməllərimizi, ibadətlərimizi, davranışlarımızı ixlasla həyata keçirməyə çalışacağıq. Əməllərimizin keyfiyyətinə önəm verəcəyik. Namazda, orucda, gündəlik həyatımızda, yaşayışımızda, işimizdə, təhsilimizdə, həyatımızın bütün mərhələlərində niyyətimizi ixlaslı etməliyik, çalışmalıyıq hər şeyi Allah üçün edək. Niyyətimizi elə etməliyik ki, bu etdiklərimiz bizi Allaha yaxınlaşdırsın.

Allah bizə bu cür fürsət verib ki, qatqısız, xalis əməllər edək. Elə ki, biz etdiklərimizi, əməllərimizi, ibadətlərimizi Allah xatir etməyə başlayırıq və əməlləri bu cür Allaha tərəf göndərməyə çalışırıq – Allah Təala bunun müqabilində bizim üçün ən xeyirlisini, ən üstününü, ən alisini, ən məsləhətlisini endirməyə başlayar.

 

Bu buyuruşda Xanım Fatimeyi-Zəhra (s.ə) bizlərə varlıq aləminin bir İlahi harmoniyasını çatdırmış olur. Biz hər əməlimizlə, hər davranışımızla qarşılaşacağımız növbəti mərhələnin əslində təqdimatını etmiş oluruq. Əgər ibadətimizin keyfiyyətini, əməlimizin xalisliyini artırırıqsa, deməli özümüz üçün ən xeyirli təqdiratın, ən məsləhətli vəziyyətin meydana çıxmasında özümüz də iştirak etmiş oluruq.

 

Bəzən olur ki, hər tərəfdən çətinliklər, problemlər ona doğru gəlir, düşünür ki, hər tərəfdən dalandır, çıxış yolları yoxdur. Əslində insan özü-özü üçün vəziyyəti mürəkkəbləşdirib. Allaha xatir insan bir addım atsa, bütün həyatına Allah Təala ən alisini inayət edər. Bu, bütün zamanlara, bütün vəziyyətlərə uyğun olan məsələdir. Biz bütün məsələlərimizdə bunu edə bilərik. Əgər bütün məsələlərimizdə əməllərimizə Allaha xatirlik yükünü gətirsək, Allah bizim üçün ən xeyirlisini, ən alisini inayət edər.

Əslində deyə bilərik ki, streslərdən, gərginlikdən, insanın özü-özünü mürəkkəbləşdirməsindən qurtuluşun yolu budur. Əgər insan həyatına ixlası daxil etsə, həyatının rəngi dəyişər, həyatının bərəkəti əmələ gələr.

 

 

Xanım (s.ə) həyat yoldaşından gücü çatmadığını istəməyə həya edir

Xanım Fatimeyi-Zəhra (s.ə) İmam Əliyə (ə) buyurur: “Əlican! Mən Allahdan həya edirəm ki, səndən bir şey istəyəm ki, sənin onu etməyə gücün çatmasın”.

Bir anlığa təsəvvürümüzə gətirək ki, xanımlar Xanım Zəhranın (s.ə) bu buyuruşunu həyatlarında əmələn tətbiq etməyə başlayırlar. Görün nə qədər problemlər, mövzular dərhal həll olunur. Həyanın ən böyük dərəcəsi budur ki, insan Allahdan həya etsin. Əgər insanlar bu həya ilə yaşasa, həyatları dəyişər, yaşamlarının bərəkəti dəyişər. Nə qədər böhranlar, konfliktlər, həvayi-nəfslərin od püskürdüyü mühitlərdə olan məsələlər həllini tapmış olar!

 

 

Xanımın (s.ə) həyatımız üçün praktik tövsiyələri

Xanım Zəhra (s.ə) buyurur: “Möminlə üz-üzə gələn zaman təbəssümlü, üzügülər olmaq – üzügülər möminə cənnəti vacib edər”.

Xüsusən indiki zamanda bu məsələyə diqqət etməkdə çox böyük fayda var. Hər kəs öz müşküllərinin içərisində, problemlərin əhatəsindədir. İnsanların sanki bir-birlərini görən zaman görüşməyə belə həvəsləri olmur. İradəvi üzügülərlik, təbəssüm çox önəmlidir. Xüsusən ailələrin daxilində buna çox böyük ehtiyac var. Ən gözəl işlərdən biridir ki, insanın üzü daim gülsün. İnsanın əhvalının yaxşı olduğu vaxtda üzünün gülməsinə bir şey düşməz, bu, insanın təbii bir halıdır. Bir də var ki, insan əhvalı olmadıqda belə, möminlə üz-üzə gələndə Allaha xatir özünü iradəvi olaraq təbəssümlü, üzügülər hala gətirsin. Allah üçün bu işi görən, üzü gülən möminə Allah Təala cənnəti vacib edər.

 

Xanım Zəhra (s.ə) buyurur: “Sizlərin ən üstünü o kəsdir ki, insanlarla daha mülayimdir və xanımlarını daha əziz tutur”. Bu da iradəvi işlərdəndir. Ən üstümüz, xeyirlimiz, alimiz o kəsdir ki, insanlarla daha mülayimdir, xanımını da daha əziz tutur. Əgər bizlər bu buyuruşlara həyatımızda diqqət etməyə niyyət etsək, həyatımıza çox böyük bərəkət daxil olar.

 

Allahım, bizlərə Xanım Fatimeyi-Zəhranın (s.ə) şəxsiyyətini tanımağı, o Xanımın (s.ə) dəyərlərini tanıyıb, həyatımızda yaşatmağı nəsib et!

Allahım, Xanımı (s.ə) bizim həyatımız üçün nümunə qərar ver!

Allahım, Xanımın (s.ə) Qiyamətdə şəfaətindən bizləri binəsib etmə! Amin!

Gununsesi.org

COMMENTS